Ekspertlər xəbərdarlıq edir ki, sosial partlayış həddinə çatan ölkədə yoxsulluğun bu sürətlə dərinləşməsi yaxın gələcəkdə qarşısıalınmaz daxili xaos və miqrasiya dalğasına səbəb ola bilər…
İran iqtisadiyyatı tarixinin ən ağır və dərin böhranlarından birini yaşayır. Daxili idarəetmə problemləri, regional hərbi münaqişələr və beynəlxalq sanksiyalar ölkəni tam bir iqtisadi çöküşə sürükləyib.
İran Parlamentinin Araşdırma Mərkəzi tərəfindən yayımlanan son rəsmi hesabatlar və nüfuzlu beynəlxalq maliyyə qurumlarının analizləri ölkədə yoxsulluq və işsizliyin idarəolunmaz səviyyəyə çatdığını bəyan edir.
Əhalinin 50%-i mütləq yoxsulluq həddindən aşağıda yaşayırİ
İran Parlamentinin Tədqiqatlar Mərkəzinin rəsmi hesabatına görə, ölkə əhalisinin təxminən 50%-i mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşamaq üçün mübarizə aparır. Bu o deməkdir ki, hər iki İran sakinindən biri qida, mənzil və minimum tibbi xidmətlər kimi ən fundamental ehtiyaclarını qarşılamaq iqtidarında deyil. Müstəqil iqtisadçıların rəyinə görə, bu rəqəm artıq orta təbəqənin tamamilə yox olduğunu sübut edir…
İnflyasiya rekord qırır: 87%-i keçdi!..
“Trading Economics” və “EuroNews” agentliyinin təhlillərinə əsasən, İranda nöqtəvi inflyasiya 87,9%-ə yüksəlib. Ərzaq və gündəlik tələbat mallarının qiymətindəki bu sıçrayış milli valyuta olan rialın davamlı ucuzlaşması ilə müşayiət olunur. Ölkədə inflyasiya və işsizliyin cəmindən ibarət olan “Səfalət İndeksi” (Misery Index) rekord vuraraq 91,1 bəndə çatıb ki, bu da bəzi vilayətlərdə kütləvi aclıq təhlükəsi yaradıb…
Son 3 ayda yarım milyon insan işsiz qaldı…
Ölkənin ABŞ və İranla savaş durumu özünü son aylar daha kəskin şəkildə göstərməkdədir. Əmək bazarındakı vəziyyət dramatikdir. İran Statistika Mərkəzinin və CNN kimi nəhəng media qurumlarının məlumatlarına görə, son 3 ayda 500 000-ə yaxın insan işini itirib. Sənaye müəssisələrinin, fabriklərin, onlayn xidmətlərin və neft emalı zavodlarının hərbi gərginliklər və enerji böhranı səbəbindən fəaliyyətini dayandırması kütləvi ixtisarlara yol açıb…
Gənclər və qadınlar fəlakətin mərkəzində…
Gənclər arasında işsizlik 25%-ə çatıb: Beynəlxalq Valyuta Fondu (IMF) və müstəqil əmək iqtisadçılarının hesablamalarına görə, ali təhsilli gənclər də daxil olmaqla gənc nəsil arasında faktiki işsizlik səviyyəsi 25%-i ötüb.
Qadınların işçi qüvvəsində iştirakı cəmi 15%-dir:
Dünya Bankının hesabatlarına əsasən, İranda qadınların iqtisadi fəallığı və rəsmi əmək bazarında iştirak payı təxminən 15% təşkil edir. Qalan böyük əksəriyyət ya işsizdir, ya da heç bir sosial sığortası olmayan qeyri-rəsmi sektorlarda çox aşağı maaşla çalışır.
Beynəlxalq reytinqlər: “İran iqtisadiyyatı ölür”…
Beynəlxalq Valyuta Fondu (IMF) İran iqtisadiyyatının bu il 6,1% kiçiləcəyini (resessiya) proqnozlaşdırır. “Quincy” İnstitutunun analitikləri bəyan edirlər ki, ölkədəki mövcud istehsal və ticarət xaosu fonunda mövcud iş yerlərinin daha 50%-i risk altındadır. Bank sisteminin çökməsi, kütləvi elektrik kəsintiləri və idxalın dayanması iqtisadiyyatın can üstündə olduğunu göstərir. Ekspertlər xəbərdarlıq edir ki, sosial partlayış həddinə çatan ölkədə yoxsulluğun bu sürətlə dərinləşməsi yaxın gələcəkdə qarşısıalınmaz daxili xaos və miqrasiya dalğasına səbəb ola bilər…




