Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner Aralıq dənizində miqrantların ölümünə görə insan alverçiləri və qaçaqmalçıları məsul hesab edib.
M.Brunner “Bild” qəzetinə müsahibəsində Seutadakı miqrasiya böhranı ilə bağlı hadisələrin sosial şəbəkələrdə yayılan dezinformasiya ilə müşayiət olunduğunu bildirib.
Onun sözlərinə görə, hazırda İspaniya məsələ ilə bağlı araşdırma aparır. Komissar qeyd edib ki, dezinformasiyanın qaçaqmalçılar tərəfindən yayıldığı aydındır, lakin hər hansı dövlətin bu prosesdə iştirak edib-etmədiyini söyləmək hələ tezdir.
Brunner bildirib ki, Avropa Komissiyası İspaniyaya həm maliyyə, həm də “Frontex” və “Europol” kimi qurumlar vasitəsilə dəstək verir. O, miqrasiya böhranının qarşısının alınması üçün yeni tədbirlərin, o cümlədən erkən xəbərdarlıq sisteminin və Aİ-dən kənarda sığınacaq prosedurlarının həyata keçirilməsi mexanizmlərinin tətbiq olunduğunu deyib.
Qeyd edək ki, İspaniya hakimiyyətinin məlumatına görə, iyulun sonunda təxminən 72 min qeyri-qanuni miqrant Mərakeşlə sərhəddə yerləşən Seutaya çatmağa çalışıb. Hadisələr zamanı onlarla insan həyatını itirib. Madrid şəhərdə təhlükəsizliyin təmin olunması üçün hərbçiləri cəlb edib.




