Rusiya Xarkov-Poltava yolundakı bütün yanacaqdoldurma məntəqələrini məhv edib

Rusiya silahlı qüvvələri Kiyev avtomagistralının Xarkov və Poltava şəhərləri arasındakı hissəsində yerləşən bütün yanacaqdoldurma məntəqələrini (YDM) sıradan çıxarıblar.

Bu barədə məlumatı Xarkov vilayət şurasının deputatı Aleksandr Skorik təqdim edib.

Onun sözlərinə görə, iyulun 26-na keçən gecə Rusiya ordusu sözügedən yolda eyni vaxtda üç YDM-ə hücum edib. Zərbələr Valkı, Şarovski və Qontov Yar ərazilərində qeydə alınıb. Ümumilikdə isə Xarkov vilayəti ərazisində 80-dən artıq yanacaqdoldurma stansiyası dağıdılıb.

“Hazırda Xarkov-Kiyev avtomobil yolunun Xarkovdan Poltavaya qədər olan hissəsindəki bütün stansiyalar tamamilə məhv edilib. Buraya Valkı qəsəbəsi, Çutovo şəhəri və Poltava istiqamətindəki digər məntəqələr daxildir”, – deyə A. Skorik qeyd edib.

Deputat həmin istiqamətdə hərəkət etmək istəyən sürücülərə müraciət edərək, əvvəlcədən kifayət qədər yanacaq tədarükü görməyi tövsiyə edib. O vurğulayıb ki, adıçəkilən yolda avtomobilə yanacaq vurmaq üçün demək olar ki, heç bir imkan mövcud deyil.

Bununla belə, Xarkov vilayətinin özündə hər hansı yanacaq böhranı müşahidə olunmur.