Haqq və ədalət dövlətçiliyin təməlidir

Son günlər Hikmət Hacıyevin xaricdə yaşayan azərbaycanlı bloqer Tural Sadıqlı ilə dialoqu ictimai müzakirələrə səbəb olub. Mən bu söhbəti diqqətlə izlədim və hesab edirəm ki, Hikmət Hacıyev həm dövlət nümayəndəsi, həm də vətəndaş kimi öz mövqeyini təmkinlə, arqumentlərlə və ləyaqətlə ifadə etdi.
Onun söylədiyi bir fikir xüsusilə diqqətimi çəkdi: “Həyatda ən çətin şey Vətənə və Dövlətinə xəyanət etməkdir.” Bu, sadəcə emosional ifadə deyil. Bu, dövlətçilik düşüncəsinin mahiyyətini əks etdirən bir mövqedir. Çünki Vətən insanın kimliyidir, dövlət isə onun təhlükəsizliyinin, gələcəyinin və milli varlığının təminatıdır.
Mən hesab edirəm ki, Hikmət Hacıyevin çıxışında diqqət çəkən digər mühüm məqam təəssüf hissi idi. O, qarşı tərəfə münasibətdə “mənim sizə yazığım gəlir” ifadəsini işlətdi. Bu sözlərdə acı bir həqiqət var idi. Doğrudan da, insan üçün ən ağır mənəvi vəziyyət öz xalqından, öz dövlətindən uzaq düşmək, onun maraqlarına zidd mövqedə dayanmaqdır.
Əlbəttə, hər bir vətəndaşın fərqli fikri ola bilər. Tənqid də demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Lakin tənqidlə dövlətə qarşı düşmənçilik ritorikası arasında ciddi fərq mövcuddur. Azərbaycanın milli maraqları hər bir siyasi baxışdan, şəxsi narazılıqdan və fərdi ambisiyalardan üstün olmalıdır.
Hikmət Hacıyev söhbət zamanı daha bir vacib məqama toxundu. O bildirdi ki, insan həyatında baş verən bütün hadisələrə görə yalnız dövləti günahlandırmaq doğru yanaşma deyil və hər kəs müəyyən məqamlarda öz məsuliyyətini də qiymətləndirməlidir. Bu yanaşma cəmiyyət üçün də faydalı mesajdır. Çünki güclü dövlət yalnız hüquqlarla deyil, həm də vətəndaş məsuliyyəti ilə formalaşır.
Bununla yanaşı, mən hesab edirəm ki, haqq və ədalət hər şeydən üstündür. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabər olmalıdır. Əgər hər hansı şəxs öz hüquqlarının pozulduğunu hesab edirsə, bu məsələlər hüquqi müstəvidə, qanun çərçivəsində araşdırılmalıdır. Ədalət həm dövlətin, həm də vətəndaşın maraqlarını qoruyan ən ali prinsipdir.
Bu gün Azərbaycan mürəkkəb geosiyasi proseslərin mərkəzində yerləşir. Belə bir dövrdə ölkəmizə qarşı aparılan müxtəlif informasiya kampaniyaları fonunda milli həmrəylik daha da böyük əhəmiyyət daşıyır. Xaricdə yaşayan hər bir azərbaycanlı da bilməlidir ki, fikir müxtəlifliyi mümkündür, lakin milli maraqlara zərbə vuracaq fəaliyyətlər cəmiyyət tərəfindən həmişə ciddi qiymətləndiriləcək.
Mən Hikmət Hacıyevin bu dialoqda nümayiş etdirdiyi dövlətçilik mövqeyini və təmkinli üslubunu dəstəkləyirəm. Onun sözlərində kin yox idi, əksinə, Azərbaycan övladlarının müxtəlif səbəblərdən öz dövləti ilə qarşıdurma vəziyyətinə düşməsinə görə səmimi təəssüf hissi duyulurdu.
Arzu edərdim ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli maraqları hər şeydən üstün tutsun, fikir ayrılıqlarını hüquqi və sivil yollarla ifadə etsin, haqqın və ədalətin bərqərar olması naminə dövlətimizin daha da güclənməsinə töhfə versin. Çünki güclü Azərbaycan yalnız birlik, məsuliyyət və dövlətçilik düşüncəsi üzərində inkişaf edə bilər.

      Rasim Məmmədov
      Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti, 
      Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhb

@1xeber.media

Hikmət Hacıyev Tural Sadıqlıya tarixi dərs keçdi: “Həyatda ən çətin şey vətənə xəyanət etməkdir” #azerbaijan #prezidentaz #hikmethaciyev#almaniya#siyaset

♬ original sound – 1xeber