Çexiya hökuməti təhsil müəssisələrində şagirdlər tərəfindən mobil telefon və digər elektron cihazların istifadəsini qadağan edib.
Bu barədə CTK agentliyi məlumat yayıb.
Uşaqlar üçün smartfon, planşet və notbuklardan istifadəyə qoyulan məhdudiyyət uşaq bağçalarına, orta məktəblərə, gimnaziyaların aşağı siniflərinə və musiqi məktəblərinə şamil ediləcək.
Qanun layihəsində nəzərdə tutulan qaydalara əsasən, dərs vaxtı, tənəffüslərdə və məktəb yeməkxanalarında bu cihazlardan istifadəyə icazə verilməyəcək. Həmçinin, qadağa dərsdənkənar qrupları və məktəbdənkənar dərnəkləri də əhatə edir.
Qaydalardakı istisnalar yalnız tibbi səbəblərə görə elektron vasitələrə ehtiyacı olan uşaqlara aid ediləcək, məsələn, diabet xəstəliyi zamanı qanda şəkərin səviyyəsini daim nəzarətdə saxlamaq üçün.
Bundan əlavə, təhsil ocaqları tədris məqsədləri, eləcə də ekskursiyalar zamanı mobil telefon və ya planşetlərdən istifadə üçün icazə verə biləcək.
Hazırda qanun layihəsi təsdiqlənmək üçün parlamentə göndərilib. Sənədin gələn ilin sentyabrından qüvvəyə minəcəyi gözlənilir.




