İspaniyada amerikalı sənətşünas, Detroyt İncəsənət İnstitutunun direktoru Salvador Salort-Pons 1626-cı ilə aid portret aşkarlayıb. Əsərdə İspaniya dövlət xadimi, kral IV Filippin sevimlisi və gənc Velaskesin saray rəssamı vəzifəsinə yüksəlməsinə kömək edən Olivares qraf-hersoqu Qaspar de Qusman təsvir olunub.
Bu barədə myweekend.ru yazır.
Məlumata görə, tablo əsrlərboyu itmiş hesab olunurdu. Əsər kardinal Françesko Barberiniyə hədiyyə olaraq sifariş edilmişdi, lakin daha sonra onun izi itmişdi.
2025-ci ildə Salort-Ponsa məlumat verilib ki, Madriddə oxşar portret bərpa olunur. Həmin vaxt əsərin Velaskesin özü tərəfindən deyil, onun emalatxanası tərəfindən çəkildiyi güman edilirdi.
Şəxsən baxmaq üçün Madridə gedən Salort-Pons texniki ekspertizanın aparılmasını tələb edib. Rentgen və infraqırmızı analizlər əsərin həqiqiliyini təsdiqləyib. Araşdırmalar zamanı istifadə olunan piqmentlərin və kətanın quruluşunun rəssamın 1620-ci illərdə yaratdığı digər əsərlərlə uyğun gəldiyi müəyyən olunub.
Portret 2027-ci ilin yanvarında Detroytda keçiriləcək “Velázquez and Olivares: Early Years at Court” (“Velaskes və Olivares: saraydakı ilk illər”) sərgisində nümayiş etdiriləcək.




