Türkiyənin Ordu vilayətinin Akkuş rayonunda bitən və dünyada yalnız bu bölgədə rast gəlinən endemik Akkuş zanbağını qoparan şəxslər 699 min türk lirəsi (30 min manata yaxın) məbləğində inzibati cərimə ilə üzləşəcəklər.
Ordu təxminən 700 qeydiyyata alınmış bitki növünə ev sahibliyi edir. Onlardan 130-u endemik növ hesab olunur. Xüsusilə yay aylarında yaylaqlarda və yüksək dağlıq ərazilərdə açan yüzlərlə müxtəlif çiçək bölgənin təbii gözəlliyini daha da zənginləşdirir.
Bu nadir bitkilər arasında xüsusi yer tutan Akkuş zanbağı hər ilin iyun və iyul aylarında Akkuş rayonunun dağlıq ərazilərində çiçək açır. Təxminən 20 gün ömür sürən bu bitki ilk dəfə 1993-cü ildə aşkar edilib.
Təxminən beş il davam edən elmi araşdırmalardan sonra bitki “Lilium akkusianum” adı ilə elmi ədəbiyyata daxil edilib. Boyu 1,5 metrə qədər çatan Akkuş zanbağı hazırda dövlət tərəfindən qorunan endemik növlər siyahısındadır.
Mövcud qaydalara əsasən, bu nadir bitkini qoparan şəxslərə 699 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunur.
Ordu Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Hilmi Gülər sosial şəbəkə hesabında paylaşım edərək vətəndaşları və bölgəyə gələn turistləri bu unikal bitkini qorumağa çağırıb.
O bildirib ki, Akkuş zanbağı dünyanın başqa heç bir yerində bitmir və gələcək nəsillərə çatdırılması hər kəsin məsuliyyətidir.
“Bu nadir çiçəyi heyranlıqla seyr edin, gözəl ətrini hiss edin, amma onu qoparmayın. Arqan yaylasının bu möhtəşəm gözəlliyini birlikdə qoruyaq və gələcək nəsillərə ötürək”, – deyə bələdiyyə sədri vurğulayıb.




