Yaxın günlərdə bu kəndlər Azərbaycana qaytarılacaq: Ermənilər haray-həşir saldılar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası işlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, proses müvafiq komissiyalar çərçivəsində həyata keçirilir və davamlı xarakter daşıyır.

“Bu iş müntəzəm olaraq davam edir. Artıq onun ilk müsbət nəticələrinin şahidi olmuşuq: dövlət sərhədinin təxminən 13 kilometri artıq demarkasiya olunub”, – deyə o qeyd edib.

Azərbaycan xarici işlər naziri həmçinin tərəflər arasında müəyyən razılaşmaların əldə edildiyini bildirib. Onun sözlərinə görə, demarkasiya prosesi şimaldan cənuba doğru davam edəcək və sonrakı mərhələlərdə “anklav kəndləri” ilə bağlı məsələlər də müzakirə olunacaq.

Bayramovun bu açıqlaması erməniləri yenə də təşvişə salıb. Onlar iddia edirlər ki, yaxın günlərdə Barxudarlı, Sofulu kəndləri Azərbaycana qaytarılacaq. “Hraparak” nəşri həmin ərazilərdə yaşayan ermənilərlə söhbət edib, kəndlər qaytarıldıqdan sonra onların hansı çətinliklərlə üzləşəcəkləri barədə iddialar irəli sürüb:

“Demarkasiyanın davamı Tavuş rayonundan başlayacaq. Əvvəllər SSRİ dövründə anklav olan Yuxarı Əskipara kəndinin ərazisinin demarkasiya yolu ilə Azərbaycana verilməsi halında yaranacaq problemlərə toxunmuşduq. Oxşar problemlər Azatamut-Kayan magistral yolunun hər iki tərəfində yerləşən keçmiş Barxudarlu və Sofulu anklavlarının olduğu İcevan icmasının ərazisində də yaranacaq.

İcevan icmasının Aygehovit kəndinin inzibati rəhbəri Levon Qriqoryan demarkasiyanın davam etməsindən xəbərsiz olduğunu, lakin kəndlərində çox böyük bir torpaq sahəsinin Azərbaycanın nəzarəti altında olduğunu bildirib. Azatamut qəsəbəsinin inzibati rəhbəri Artak Çobanyana Azatamut kəndinin bəzi hissələrinin artıq qlobal GPS yerləşdirmə sistemi tərəfindən Azərbaycan əraziləri kimi təqdim edildiyindən xəbərdar olub-olmadığını soruşduq. O dedi ki, GPS rəsmi və etibarlı olmayan “Google” xəritələri ilə idarə olunur. Lakin bilirik ki, demarkasiya aparanlar çox vaxt bunlarla idarə olunurlar. A. Çobanyanın sözlərinə görə, Azatamut sakinlərinin dövlət dəstəyi, kreditləri ilə 16 milyon dram dəyərində fərdi evlər tikdiyi ərazilər var və GPS sistemi indi onları Azərbaycan ərazisi kimi göstərir”.

Nəşr iddia edir ki, Sofulu və Barxudarlu anklavlarının ərazilərinin Azərbaycana verilməsi halında İcevan-Berd nəqliyyat rabitəsində problemlər yaranacaq:

“Qandzakar-İtzakar avtomobil yolunun istifadəyə verilməsi bu problemi yalnız qismən həll edə bilər. Lakin Sofulu və Barxudarlu ərazilərinin verilməsi ilə İcevan icmasının Kayan, Aygehovit, Vazaşen və Berd icmasının Paravakar, Varaqavan, Verin Tsaqhkavan yaşayış məntəqələri xarici aləmdən bir qədər təcrid oluna, nəqliyyat marşrutlarından kəsilə bilər. Necə ki, Sünik kəndlərində də Gorus-Qafan avtomobil yolunun 21 kilometrlik hissəsi Azərbaycana verildi”.