Türkiyə S-400-ləri satıb F-35 alacaq? – Ankara ilə Vaşinqton arasında yeni razılaşma

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq imkanını nəzərdən keçirir. İddialara görə, bu addım Ankaranın ABŞ-dan ən yeni F-35 qırıcılarını almaq icazəsi əldə etməsi üçün atıla bilər.

Bu barədə “Euractiv” regional kəşfiyyat mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, S-400 sistemlərinin potensial alıcısı Cənubi Koreya ola bilər. Mənbə bildirib ki, Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Lakin irəliləyiş yalnız Ankaranın S-400-lərdən Rusiyaya qaytarmadan imtina etməsi halında mümkün görünür.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılmışdı. Vaşinqton bunu həmin sistemlərin Amerika qırıcılarının texnoloji məlumatlarını toplamaq riski ilə əsaslandırmışdı.

Eyni zamanda bildirilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Türkiyənin yeni nəsil KAAN qırıcısı üçün 613 milyon avro dəyərində Amerika mühərriklərinin tədarükünü təsdiqləmək niyyəti barədə Konqresi məlumatlandırıb.

Məlumata əsasən, İsrail və Yunanıstan Türkiyəyə F-35 satışına qarşı çıxır. Onlar hesab edirlər ki, bu addım regionda qüvvələr balansını dəyişə və texnoloji üstünlüyü zəiflədə bilər.

İsrailin Yunanıstandakı səfiri Noam Kats daha əvvəl bildirib ki, Türkiyənin regiondakı siyasəti onun F-35 proqramına qaytarılmaması üçün kifayət qədər əsas yaradır. ABŞ Konqresində də mümkün satışın qarşısının alınmasına yönəlmiş təşəbbüs irəli sürülüb.

Bununla yanaşı, Donald Tramp ötən həftə NATO sammiti zamanı Türkiyəni sevindirəcək addım atacağını desə də, detalları açıqlamayıb.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında S-400 müqaviləsi 2017-ci ildə 2,5 milyard dollar dəyərində imzalanıb, sistemlər isə 2019-cu ildə Türkiyəyə təhvil verilib. Türkiyə mediasının əvvəlki məlumatlarında S-400-lərin aktiv döyüş növbətçiliyinə çıxarılmadığı və anbarda saxlandığı iddia olunmuşdu.