Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb

Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində götürdüyü öhdəliklərə baxmayaraq, bu ilin ilk doqquz ayında ölkədən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırıb.

“The Times” nəşrinin Almaniyanın “Urgewald” ekoloji təşkilatının hesabatına istinadən məlumatına görə, yanvar-sentyabr aylarında Aİ limanlarına 12,18 milyon ton Rusiya LNG-si daxil olub.

İdxal olunan qazın ümumi dəyəri 7,88 milyard avro təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Hesabata əsasən, idxalın təxminən dörddə üçü Fransa limanlarının payına düşüb.

Qeyd olunur ki, Ukraynada müharibə başlayandan sonra Rusiyanın Aİ-nin ümumi qaz idxalındakı payı əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, may ayına olan məlumatlara əsasən, Rusiya hələ də Aİ-yə idxal edilən mayeləşdirilmiş təbii qazın 12 faizini təmin edib.

Rusiya LNG-si əsasən Fransa, İspaniya, Belçika və Niderlanda, boru kəmərləri vasitəsilə nəql olunan qaz isə Macarıstan, Slovakiya və Yunanıstana çatdırılır.

Aİ-nin Rusiya qazına dair qısamüddətli müqavilələrə qadağası artıq qüvvəyə minib. Uzunmüddətli LNG müqavilələrinə qadağanın ilin sonunda, boru kəmərləri ilə qaz idxalına məhdudiyyətlərin isə 2027-ci ilin sentyabrına qədər tətbiqi nəzərdə tutulur.