İnsan münasibətlərinin təməlində inam dayanır. İnam olmayan yerdə söz öz dəyərini itirir, münasibətlər zahiri görünüşə çevrilir. İnsanlar biri-birinə yaxınlaşdıqca belə daxilən uzaqlaşırlar. Bəzən kimsə, tutalım, ən yaxın dost hesab etdiyi şəxs bir insanın dediyi sözə tərəddüdsüz inanır, başqasının ən doğru fikrini belə şübhə ilə qarşılayır. Niyə? Nədir insanı birinə etibar etməyə, digərindən isə ehtiyatlanmağa vadar edən görünməz qüvvə?
İnam təsadüfən yaranmır. O, insanın xarakterinin, davranışlarının, keçmiş təcrübələrinin və zamanla qazandığı mənəvi nüfuzun nəticəsidir. İnsanlara yalnız dediklərinə görə deyil, söylədikləri ilə etdikləri arasındakı məsafəyə görə qiymət verilir. Çünki söz insanın özünü təqdim etməsidir, əməl isə əslində kim olduğunu göstərən güzgü.
Elələrini tanıyıram ki, onların bircə kəlməsi kifayət edir. Çünki zaman onların sözlərinin arxasında dayandıqlarını, çətin gündə geri çəkilmədiklərini, mənfəət naminə mövqelərini dəyişmədiklərini sübut edib. Elələri də var ki, nə qədər gözəl danışsalar, nə qədər inandırıcı görünməyə çalışsalar da, qarşı tərəfdə bir tərəddüd oyanır. Sanki insanın söylədikləri ilə ruhundan gələn həqiqət arasında görünməz bir uçurum var.
Bəs bu inamsızlığın səbəbi nədir?
Əvvəla, insanın yalanla münasibəti. Yalan yalnız həqiqəti gizlətmək deyil, həm də başqasının seçim haqqına müdaxilə etməkdir. Sənə inanan birinin etibarından öz mənafeyin üçün istifadə edirsənsə, əslində, onun səmimiyyətini öz zəifliyinə çevirirsən. Bir dəfə aldanan insan bəzən ikinci dəfə eyni adama yox, ümumiyyətlə, insanlara inanmaqdan çəkinir. Beləcə, bir nəfərin məsuliyyətsizliyi başqalarının da qəlbinə şübhə toxumu səpir.
İkincisi, insanların dəyişkənliyidir. Bu gün həqiqət uğrunda danışan, sabah isə şəxsi marağı naminə susan, bu gün dostluqdan bəhs edən, sabah isə qazanc qarşısında dostunu unudan adam etibarın nə olduğunu anlamayıb. Mövqeyini dəyişmək hər zaman mənəvi qüsur deyil. İnsan düşüncəsini yeniləyə, səhvini etiraf edə bilər. Ancaq həqiqəti mənfəətə qurban vermək, prinsipləri fürsətə uyğun dəyişmək başqa məsələdir. İnam məhz burada insanın fikri dəyişdiyi üçün deyil, mənəvi dayaqları olmadığı üçün sarsılır.
Üçüncüsü, insanın öz daxilindəki qorxularıdır. Bəzən biz qarşı tərəfə deyil, öz keçmişimizə inanmadığımız üçün şübhə edirik. Vaxtilə aldadılmış, yarı yolda qoyulmuş, səmimiyyəti istismar edilmiş adam sonradan ən dürüst münasibətdə belə təhlükə axtara bilər. Belə vəziyyətdə inamsızlıq qarşı tərəfin günahı olmaya da bilər. Keçmişin yarası indiki münasibətin üstünə kölgə salır. Deməli, hər şübhə həqiqətin xəbərçisi olmadığı kimi, hər etibar da müdrikliyin göstəricisi deyil.
İnamın başqa bir düşməni isə saxtalıqdır. Özünü olduğundan fərqli göstərmək, hər kəsin yanında başqa cür danışmaq, üzə gülüb arxadan mühakimə etmək insanın mənəvi bütövlüyünü zədələyir. Belə adamlarla münasibətdə
İNSAN DAİM EHTİYATLI OLMAĞA MƏCBUR QALIR…
Çünki bilmir: bu gün eşitdiyi söz həqiqətdir, yoxsa qarşısındakının həmin an üçün seçdiyi maska?
Əslində, insanı etibarlı edən qüsursuzluğu deyil. Heç kim səhvsiz deyil. İnsanı etibarlı edən səhvini boynuna almaq, verdiyi və publika qarçısında danışdğı sözün məsuliyyətini daşımaq, yanlış etdikdə üzr istəmək və imkan düşəndə belə başqasının haqqına toxunmamaq bacarığıdır. Bəzən səmimi bir etiraf yüz yalançı izahdan daha qiymətlidir. Çünki həqiqət insanın zəifliyini göstərə bilər, amma saxtalıq onun xarakterini aşkara çıxarır.
Burada daha ciddi bir sual meydana çıxır: İnsanlara inamın azalması yalnız fərdi münasibətlərin problemidirmi? Xeyr. Bu, həm də cəmiyyətin mənəvi vəziyyətini göstərən göstəricidir. Ədalətin deyil, tanışlığın, əməyin deyil, şəxsi əlaqələrin, ləyaqətin deyil, zahiri nüfuzun üstün tutulduğu mühitdə insanlar biri-birinin sözünə daha az inanırlar. Çünki gündəlik həyat onlara bir həqiqəti öyrədir:
DEYİLƏNLƏ EDİLƏN HƏR ZAMAN ÜST-ÜSTƏ DÜŞMÜR
İnamın itirildiyi cəmiyyətdə ən böyük zərəri yalnız yalan danışanlar görmür. Dürüst insanlar da özlərini izah etməyə, səmimiyyətlərini sübut etməyə, haqlı olduqları halda belə şübhələri aradan qaldırmağa məcbur qalırlar. Bir müddət sonra hamı özünü qorumağa çalışır, heç kim ilk addımı atmaq istəmir. İnsanlar arasında görünməz divarlar ucalır. Halbuki cəmiyyət yalnız qanunlarla deyil, insanların biri-birinə verdiyi sözə inanması ilə də yaşayır.
Bununla belə, inamsızlığı həmişə mənfi xüsusiyyət saymaq da düzgün deyil. Kor-koranə inanmaq sadəlövhlükdür. Hər xoş sözə aldanmaq, hər vədə ümid bağlamaq, hər kəsi özün kimi düşünmək təhlükəli ola bilər. Yetkin insan nə hamıya şübhə ilə yanaşır, nə də hamıya qeyd-şərtsiz inanır. O, insanı zamanla tanıyır, davranışlarını müşahidə edir, sözlə əməl arasındakı uyğunluğu ölçür. İnam onun üçün hiss olmaqla yanaşı, həm də düşünülmüş seçimdir.
Bəlkə də insanlara inamın ən mühüm ölçüsü onların bizimlə razılaşması deyil, razılaşmadıqları zaman necə davranmalarıdır. Səninlə eyni fikirdə olmayan, amma haqqını tapdalamayan, səninlə maraqları toqquşanda belə dürüstlüyünü itirməyən adam daha çox etibara layiqdir. Çünki həqiqi xarakter rahat günlərdən daha çox seçim qarşısında üzə çıxır.
Nəticə etibarilə, bəzi insanlara inanmamağımızın səbəbi onların yalanları, dəyişkənliyi, mənfəətpərəstliyi və mənəvi qeyri-sabitliyi ola bilər. Bəzən isə səbəb öz yaralarımız, qorxularımız və keçmişdən daşıdığımız ehtiyat hissidir. Buna görə insanları mühakimə edərkən də, öz şübhələrimizi əsas götürərkən də ədalətli olmalıyıq.
İNAM TƏLƏB ETMƏKLƏ QAZANILMIR…
O, zamanla, davranışla, məsuliyyətlə və sədaqətlə qurulur. Bir insanın kim olduğunu anlamaq üçün onun nə qədər danışdığına deyil, hansı məqamda susduğuna, nə vəd etdiyinə deyil, nəyi yerinə yetirdiyinə, eləcə də özündən güclülərlə necə davrandığına deyil, ondan zəif olanlara münasibətinə baxmaq lazımdır. Çünki insanın əsl siması çox vaxt özünü göstərmək istədiyi yerdə deyil, heç kimin onu görmədiyini düşündüyü yerdə üzə çıxır.
Və nəhayət, yadda saxlamaq lazımdır:
İNAM İNSANI İNSANA BAĞLAYAN MƏNƏVİ KÖRPÜDÜR…
Bu körpünü qurmaq uzun zaman, dağıtmaq isə bəzən bircə an tələb edir. Ən ağır itki kiminsə sənə inanmaması deyil; bir gün öz davranışların ucbatından sənə inanan insanın gözündə etibarını itirməkdir. Çünki hörməti bəzən geri qaytarmaq mümkündür, itirilmiş inamı isə əvvəlki halına gətirmək həmişə mümkün olmur.
İNAMSIZLIQ HARADAN DOĞUR
İnsan nə vaxt insanlara inanmaqdan vaz keçir? Bir dəfə aldadılanda, bir dəfə xəyanətlə üzləşəndə, yoxsa illər boyu yığılıb qalan kiçik məyusluqların içində inamını hiss etmədən itirəndə? Bəlkə də inamsızlıq bir hadisənin deyil, insanın daxilində zamanla baş verən mənəvi aşınmanın nəticəsidir. Elə bir məqam gəlir ki, insan artıq qarşısındakının nə dediyinə deyil, nəyi gizlətdiyinə fikir verir. Sözün arxasında niyyət, gülüşün arxasında maraq, yaxınlığın arxasında hesab axtarır. Və ən ağrılısı budur ki, bir vaxtlar səmimiyyətlə yanaşdığı insanlara sonradan ehtiyatla baxmağa başlayır.
İnamsızlıq haradan doğur? İnsanlardanmı, həyatın özündənmi, yoxsa insanın həyat haqqında formalaşdırdığı qənaətlərdənmi?
Əslində, inamsızlıq çox vaxt insanın başqaları ilə münasibətində başlayır, amma sonradan onun özünə münasibətinə də sirayət edir. Aldadılan insan yalnız aldadan şəxsə inamını itirmir. O, bəzən öz mühakiməsinə, seçimlərinə, hətta duyğularına da şübhə etməyə başlayır. Öz-özünə sual verir: Mən bunu necə görmədim? Necə oldu ki, deyilənlərə inandım? Niyə insanın həqiqi simasını vaxtında anlaya bilmədim?
Beləcə, başqasının etdiyi səhv insanın öz daxilində günahkarlıq hissinə çevrilir. Halbuki aldanmaq həmişə sadəlövhlük deyil. Bəzən insanın yaxşı niyyəti qarşısındakının pis niyyətindən xəbərsiz olur. Səmimiyyətlə yanaşmaq qüsur deyil, səmimiyyətdən sui-istifadə etmək mənəvi qüsurdur. Lakin zərbə vuran bunun mahiyyətinə varmır, alan isə bu fərqi hər zaman qoruya bilmir. O, bir nəfərin xəyanətini bütöv insanlığa aid etməyə başlayır.
İnamsızlığın köklərindən biri də uşaqlıqdan gələn münasibət təcrübələridir. İnsan dünyanı əvvəlcə ailəsinin, yaxınlarının və onu əhatə edən mühitin davranışları vasitəsilə tanıyır. Dediyi sözə əməl edən, verdiyi vədə sahib çıxan, çətin anda yanında dayanan insanların arasında böyüyən adam üçün
ETİBAR
təbii bir münasibət formasıdır. Əksinə, sözlərin tez-tez dəyişdiyi, vədlərin yerinə yetirilmədiyi, sevginin belə bəzən şərtlərə bağlandığı mühitdə insan özünü qorumaq üçün daim ehtiyatlı olmağı öyrənə bilər.
Sonralar həmin ehtiyatlılıq xarakterin bir hissəsinə çevrilir. İnsan artıq təhlükəni yalnız mövcud olduğu yerdə deyil, ola biləcəyi hər yerdə axtarır. Ona yaxınlaşan adamın niyyətini anlamaq üçün vaxt istəyir, deyilən sözlərə asanlıqla inanmır, münasibətlərin arxasında gizli məqsəd axtarır. Bəzən bu davranış onu həqiqətən qoruyur, bəzən isə qarşısında səmimi münasibətlərin yaranmasına mane olur. Çünki keçmişin təcrübəsi gələcəyi anlamağa kömək etsə də, gələcəyin hökmünü təkbaşına verə bilməz.
İnamsızlığın başqa bir qaynağı insanın mənfəət qarşısında necə dəyişməsidir. Həyat göstərir ki, bəzi münasibətlər şərait yaxşı olduğu müddətdə möhkəm görünür. Maraqlar toqquşanda, qazanc azalanda, mövqe dəyişəndə həmin münasibətlərin həqiqi dayaqları üzə çıxır. Dünən səni müdafiə edən bu gün susur, dünən yanında dayanan bu gün məsafə saxlayır, dünən dostluqdan danışan bu gün səni tanımırmış kimi davranır.
Belə anlarda insan təkcə bir nəfərdən incimir, münasibətlər haqqında formalaşdırdığı təsəvvür də sarsılır. Başa düşür ki, hər yaxınlıq sədaqət deyil, hər mehribanlıq dostluq deyil, hər birlikdəlik mənəvi bağlılıq yaratmır. Bəziləri insanın özünü deyil, onun imkanlarını, mövqeyini, faydasını sevir. Fayda bitəndə münasibət də bitirsə, deməli, ortada insanı insana bağlayan dərin bir mənəvi bağ olmayıb.
Amma burada bir təhlükə də var: insan başqalarının mənfəətpərəstliyini gördükcə özü də hər şeyi mənfəət prizmasından qiymətləndirməyə başlayır. Hətta səmimi bir yaxşılıq görəndə belə, onun arxasında nə dayandığını düşünür. Beləliklə, pis niyyətli insanların davranışları yalnız onların öz münasibətlərini deyil, başqalarının gələcək münasibətlərini də zədələyir.
BƏS CƏMİYYƏTİN BUNDA ROLU NƏDİR?
İnsan təkcə şəxsi təcrübəsindən deyil, yaşadığı cəmiyyətin mənəvi iqlimindən də təsirlənir. Ədalətin gecikdiyi, əməyin layiqincə qiymətləndirilmədiyi, sözlə əməlin tez-tez ayrıldığı mühitdə inamsızlıq fərdi hiss olmaqdan çıxaraq ictimai vərdişə çevrilə bilər. İnsan başqasının uğurunda zəhmət görmək əvəzinə gizli əlaqə, başqasının yaxşılığında səmimiyyət əvəzinə hesab, başqasının sözündə həqiqət əvəzinə təbliğat axtarmağa başlayır.
Bu, cəmiyyət üçün ciddi mənəvi itkidir. Çünki inamsızlığın hökm sürdüyü yerdə insanlar biri-birinə kömək etməkdən əvvəl özlərini sığortalamağa çalışırlar. Əməkdaşlıq zəifləyir, səmimiyyət azalır, hər kəs özünü mümkün təhlükələrdən qorumağa çalışır. Bir müddət sonra insanın ən böyük sərvətlərindən biri olan etibar nadir nemətə çevrilir. Daha acınacaqlısı budur ki, inamsızlıq bəzən haqlı görünmək üçün səbəblər də tapır. İnsan ətrafında kifayət qədər yalan, saxtalıq və vəfasızlıq görəndə deyir:
“MƏN ARTIQ HEÇ KİMƏ İNANMIRAM…”
İlk baxışda bu fikir onu həyatın zərbələrindən qoruyan bir qərar təsiri bağışlayır. Əslində isə o, özünü qorumaqla yanaşı, özünü təcrid də edə bilər.
Heç kimə inanmamaq insanı bütün xəyanətlərdən xilas etmir. Sadəcə, onu səmimi münasibətlərin gətirdiyi sevincdən, etibarlı dostluğun verdiyi güvəndən və başqasının yanında özünü sərbəst hiss etmək imkanından da uzaqlaşdıra bilər. Çünki insanın daxilində daim işləyən şübhə mexanizmi bir müddət sonra yalnız başqalarını deyil, insanın öz rahatlığını da sorğu-sual etməyə başlayır. Burada mühüm bir məqamı unutmaq olmaz: inamsızlıq həmişə insanın zəifliyindən doğmur. Bəzən bu, yaşanmış hadisələrə verilən başadüşülən reaksiyadır. Bəzən insanın ehtiyatlı olması üçün ciddi səbəbləri olur. Problem ehtiyatlılıqda deyil, ehtiyatlılığın dəyişməz dünyagörüşünə çevrilməsindədir. Bir insanın səni aldatması onun məsuliyyətidir – bundan sonra heç kəsə inanmayacağına qərar vermək isə artıq sənin həyatına təsir edən bir seçimdir.
Yetkinlik hər kəsə inanmaq deyil, kimə və nə dərəcədə inanacağını ayırd etməkdir. İnsanı tanımaq üçün onun gözəl danışmasına yox, çətin vəziyyətdə necə davranmasına baxmaq lazımdır. Sənə faydası olmadığı zaman münasibətini qoruyub-qorumadığına, səhv etdikdə məsuliyyətdən qaçıb-qaçmadığına, öz marağı ilə başqasının haqqı arasında seçim edərkən hansı yolu tutduğuna diqqət yetirmək gərəkdir.
Etibar böyük vədlərdən daha çox, kiçik davranışlarda formalaşır. Vaxtında yerinə yetirilən bir söz, gizli saxlanılan bir sirr, qarşılıq gözlənilmədən göstərilən bir kömək, çətin gündə nümayiş etdirilən sədaqət insanın daxilində güvən yaradır. Əksinə, kiçik yalanların təkrarlanması, məsuliyyətdən yayınmaq, başqasının etibarını öz xeyrinə istifadə etmək həmin güvəni tədricən dağıdır.
Bəlkə də ən vacib sual budur: Biz niyə insanlara inanmırıq, amma özümüzün etibar edilən insan olub-olmadığımızı az soruşuruq?
Başqasının yalanını asanlıqla görürük, öz bəhanələrimizə isə haqq qazandırırıq. Başqasının vəfasızlığını qınayırıq, amma verdiyimiz sözləri hansı hallarda unutduğumuzu düşünmürük. Hamıdan dürüstlük gözləyirik, ancaq öz maraqlarımız təhlükəyə düşəndə nə qədər dürüst qala bildiyimizi həmişə yoxlamırıq. Halbuki etibarlı cəmiyyət qurmaq üçün yalnız başqalarının dəyişməsini gözləmək kifayət deyil. Hər kəs öz davranışının başqalarının inamına necə təsir etdiyini də düşünməlidir.
İnamsızlığın aradan qalxması üçün, sadəcə, nə xoş sözlər, nə də insanlara inanmaq haqqında gözəl çağırışlar kifayətdir. Bunun üçün ardıcıl davranış, ədalətli münasibət, məsuliyyət və zaman lazımdır. İtirilmiş etibar bircə üzrxahlıqla bərpa olunmaya bilər. Bəzən üzrxahlıq yalnız başlanğıcdır; onun həqiqiliyini sonrakı davranışlar sübut etməlidir.
İnsanlara inamsızlıq, deməli, yalnız başqalarının bizə yaşatdıqlarından qaynaqlanmır. O, şəxsi təcrübələrin, keçmiş yaraların, mənəvi məyusluqların və ictimai münasibətlərin bir-birinə qarışdığı mürəkkəb bir vəziyyətdir. Onun kökündə bəzən xəyanət, bəzən qorxu, bəzən də həqiqəti görməkdən yaranan ağrı dayanır. Amma insanın qarşısında həmişə bir seçim qalır: yaşadıqlarını müdrikliyə çevirmək, yoxsa onların əsiri olmaq.
MÜDRİKLİK
insana hər kəsə inanmağı öyrətmir. O, insanı ayıq olmağa, davranışları qiymətləndirməyə, sərhədlərini qorumağa və eyni zamanda qəlbinin qapılarını tamamilə bağlamamağa çağırır. Çünki həyatın bütün yalanlarına baxmayaraq, həqiqətə sadiq qalan insanlar da var. Bütün xəyanətlərə baxmayaraq, sözünün arxasında dayananlar da var. Bütün mənfəət hesablarına baxmayaraq, insanı insan olduğu üçün dəyərləndirənlər də var.
İnamın yaşaması üçün həmin insanları tanımaq, onların qədrini bilmək və özümüz də onlardan biri olmağa çalışmaq lazımdır.
Çünki ən böyük mənəvi məğlubiyyət bütün insanlara inamını itirmək deyil. Ən böyük məğlubiyyət başqalarının saxtalığı ilə üzləşə-üzləşə öz daxilindəki səmimiyyəti də itirməkdir.
Daşdəmir ƏJDƏROĞLU



