ABŞ-dan Türkiyə etirafı: NATO-nun ən vacib ölkəsinə çevrilib

ABŞ Araşdırmaları Mərkəzi (USSC) iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində yayımladığı təhlildə Türkiyənin alyans daxilində artan roluna diqqət çəkib.

Təhlilə görə, Türkiyə geosiyasi baxımdan NATO-nun ən vacib üzvlərindən birinə çevrilib.

Bildirilib ki, Türkiyənin İstanbul və Çanaqqala boğazlarına nəzarət etməsi, Suriya, İraq və Cənubi Qafqazla həmsərhəd olması, həmçinin alyansın ən böyük ordularından birinə sahib olması Ankaranı strateji baxımdan ön plana çıxarır.

USSC-nin qiymətləndirməsinə görə, Ankara digər NATO üzvlərindən fərqli olaraq “strateji muxtariyyət” siyasəti yürüdür və həm NATO daxilində, həm də onun xaricində milli maraqlarını maksimum dərəcədə qorumağa çalışır.

Təhlildə Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi, eyni zamanda Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmadığı, Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış edərək tərəflər arasında dialoqun qorunmasına töhfə verdiyi vurğulanıb.

Bundan başqa, Türkiyənin müdafiə sənayesinin imkanlarına da diqqət çəkilib. Bildirilib ki, “Baykar”, “TUSAŞ” və “Roketsan” kimi şirkətlər NATO-nun sənaye və texnoloji dayanıqlılığına mühüm töhfə verir.

Təhlildə vurğulanıb ki, Ankara artıq NATO-nun kənarında yer alan ölkə deyil, alyansın strateji qərarlarında mühüm rol oynayan əsas dövlətlərdən biridir.