Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər.
Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.
Bildirilib ki, son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problemlər yaratdığı qeyd edilir. Ekpertlərin fikrincə, limitə yenidən baxıla bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, son dövrlər cərimə balları ilə bağlı sürücülər arasında ciddi narahatlıq və narazılıq var: “Bunun kökündə o dayanır ki, son illərdə dayanma-durma ilə bağlı bəzi xətalara görə cərimə ilə yanaşı, həm də bal əlavə edildi. Yəni avtomobillərin səkilərdə park edilməsi, yol ayrıcına və piyada keçidinə 5 metr qalmış, avtobus zolağı və yaxud da ikinci cərgə ilə bağlı 2 bal əlavə olundu”.
Ekspertin sözlərinə görə, dayanma və durma qaydalarının pozulması ilə bağlı bal sistemi yenidən nəzərdən keçirilməlidir. Bu istiqamətdə cərimə sanksiyaları saxlanılmaqla bal sisteminin ləğvi də müzakirə oluna bilər: “Cərimə ballarının bəzi xətalardan çıxarılması, eyni zamanda 20 ballıq məhrumiyyətin 25-30 bala qaldırılması faydalı olar”.
E.Muradlı qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən artıq Milli Məclisə layihə təqdim olunub.




