Halımızın savaşı

Bu savaş biz doğulduğumuz andan başlayır. İnsan qabiliyyətlərinə yönəldikcə fərqli yollardan keçir — fiziki və əqli durumuna uyğun şəkildə.
Həyatımızı idarə etmək yoluna qədəm qoyduqda isə bu savaş daha da çətinləşir. Nə qədər yaxşı yaşasaq da, halımız daim axtarışdadır — daha yaxşı, daha yeni, daha rahat, daha sağlam, daha maraqlı, daha sevimli günlərin axtarışında…
Bu savaş özümüzdən başlayır — düşüncələrimizi kamilləşdirməkdən, bacarıqlarımızı düzgün istiqamətləndirməkdən başlayır. Həyat yolunda mübarizəsiz, əziyyətsiz istəklərə nail olmaq mümkün deyil — həm özünlə, həm də ətrafınla mübarizə aparmadan.
Nail olduqlarımız bu savaşı bitirmir. Əldə etdiklərimizi qorumaq da bir savaşdır. Problemlər həll olunduqca yeniləri ortaya çıxır.
Ümid və səbir bu savaşı dayandırmır, onu asanlaşdırır. İşləmək, öyrənmək də eyni şəkildə bu yolu yüngülləşdirir.
Halımızın savaşı həyat yolunun imtahanıdır. Bu, heç vaxt bitmir.
Daim ətrafımızda həm pislik olacaq, həm yaxşılıq, həm gözəllik, həm faciə, həm dağıntı, həm də quruculuq. Bizə tuş gələn hər nə varsa, ya halımıza sığar, ya da onu sarsıdar.
Savaş hər zaman qələbə ilə bitmir. Bunu qəbul edərək yaşayırıq. Amma yenə də mübarizə apararaq, insanlığın qalibiyyətinə olan inamımızı itirmirik.
Savaş inamsız olmur. Qələbəni qorumaq da yeni bir savaş tələb edir. Anlam dairəsini daim genişləndirməyə ehtiyac var — hətta bu da bir savaşla mümkündürsə.
Bəli, həyat savaşdır. İstəsək də, ondan qaça bilmərik.
Gözəl insani keyfiyyətlərimizə şükür edək. Qoy bu savaşda bizi tərk etməsinlər. Yolumuz açıq olsun.
Sabahlara üzüağ çıxaq, yaşam dünyasında gözəl əməllərimizlə iz qoyaq.
Savaşaq… Ancaq pisliklərlə… Həm özümüzdə olanlarla, həm də ətrafdakılarla…

Sənubər Səhər