Biz bu varlığı görə bilirikmi? Ona düzgün qiymət verə bilirikmi? Bu qiymət real olurmu?
Dünyaya ünvanladığımız suallar sonda yenə özümüzə yönəlir. Bizə verilən kənar qiymətlərə çox ehtiyac olur. Təbii ki, bu qiymətlər fərqli olur və biz onların hamısını bilmirik.
Özümüzə verdiyimiz qiymət də fərqlidir. Özündən razı olanlar da var, narazı olanlar da. Həyat bir imtahandır — bunu unutduqda çaşırıq. Təəssüf ki, səhvlərimizi etdikdən sonra ya görürük, ya da görmürük…
Fərqli insan toplumu dünyanı həm maraqlı edir, həm də çətinləşdirir. Atdığımız addımlarda kənar təsirlər qaçılmazdır, xarakter isə dəyişməz qalır. Addımlar dəyişir, xarakterlər isə yox…
Bəzən yaş fərqi ilə müəyyən dəyişikliklər baş verir. Amma bu dəyişikliklər kimində yaxşıya, kimində isə fərqli istiqamətə yönəlir.
Ömrümüz həyatı öyrənməklə keçsə də, buna tam nail olan çox azdır. Gəlin, özümüzdə qalaq, özümüzü öyrənək və təkmilləşdirək…
Təbii ki, hamımızın arzusu yaxınlarımızın, sevdiklərimizin gözəl həyatını görmək və onlarla daim xoş günlər keçirməkdir.
İdarəçilik anlayışı da özümüzdən başlamalıdır. Özümüzü düzgün dərk etmək üçün münasibətlərə, verilən qiymətlərə və gördüyümüz işlərin əhəmiyyətinə diqqət yetirmək vacibdir.
Hamımız eyni ola bilmərik. Uyğunlaşmağa çalışmalıyıq. Təlatümlər məhz uyğunsuzluqlardan başlayır, anlaşılmazlıqlar isə onları daha da dərinləşdirir.
Dünyanın bu qaçılmaz mübarizəsi bizi sarsıtmamalıdır. Özümüzə olan güvənimizi itirməyək, xəyallarımızı gerçəkləşdirməyə çalışaq. Buna nail olsaq da, olmasaq da, ümidlərimizi itirməyək.
Özümüzü görə bilək, sevdiklərimizin yanında olaq. Xeyirxah əməllərimizi əsirgəməyək.
Öyrənək… Özümüzdən başlayaq.
Sənubər Səhər




