Bu gün Qəbələ rayonunun igid oğlu, Vətən uğrunda canından keçən şəhidimiz Mustafayev Elməddin Məhəmməd oğlunun mövlud günü ehtiramla qeyd olunub.
Anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edərək onun məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Tədbir çərçivəsində Elməddin Mustafayevin keçdiyi şərəfli həyat yolundan, göstərdiyi qəhrəmanlıqdan bəhs olunub, onun Vətənə olan sonsuz sevgisi və fədakarlığı xüsusi vurğulanıb.
Qeyd edək ki, mərasimdə dörd saylı şəhid Nicat Apayeı adına məktəb müəllimləri iştirak edərək şəhidin xatirəsinə ehtiramlarını bildiriblər. Onlar çıxışlarında şəhidlərimizin qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər.
Şəhid Mustafayev Elməddin Məhəmməd oğlu Vətən müharibəsində göstərdiyi igidliklə adını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdırıb. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, göstərdiyi qəhrəmanlıq isə heç zaman unudulmayacaq.
Mustafayev Elməddin Məhəmməd oğlu 2001 ci il may ayının 1-i Qəbələ rayonunda dünyaya gəlib. 2007 ci ildə Qəbələ şəhər 4 saylı məktəbə getməyə başlamış , orta təhsilini bu məktəbdə bitirmişdir. 2017 ci ildə Qəbələ rayonunda olan Peşə Məktəbində aşpazlıq bölümündə oxumağa başlamışdır.2019 ci il iyul ayının 5-də hərbi xidmətə başlamışdır. Elməddin xidmətini Füzuli rayonunda davam etdirmişdir. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Füzuli rayonunun bir neçə kəndinin düşmən işğalından azad olunmasında yaxından iştirak etmişdir. Mustafayev Elməddin 2020 ci il oktyabr ayının 10-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ şəhər qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri







