Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Çin Yaxın Şərq ölkələrini sakitliyi qorumağa, mübahisələri və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır.
Vanq Yi bu açıqlamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı verib. Çinin xarici işlər naziri vurğulayıb ki, Yaxın Şərqdəki münaqişədə kimin haqlı, kimin haqsız olduğu tamamilə aydındır və beynəlxalq ictimaiyyət bu məsələdə obyektiv və qərəzsiz mövqe tutmalıdır.
Münaqişənin hazırda bölgədə sürətlə yayıldığını qeyd edən Vanq Yi, əsas prioritetin sülh danışıqlarını fəal şəkildə təşviq etmək, sülh üçün fürsətlərdən istifadə etmək və gərginliyin azaldılmasını asanlaşdırmaq olduğunu söyləyib.
Çinin xarici işlər naziri vurğulayıb ki, Çin region ölkələrinin soyuqqanlılığını qoruyub saxlamalarını və mövcud vəziyyətə rasional reaksiya vermələrini, uzunmüddətli perspektivdən yanaşmalarını və əsas maraqlarını nəzərə almalarını dəstəkləyir. Vanq Yi əlavə edib ki, Çin Türkiyənin danışıqların bərpasında konstruktiv rolunu dəstəkləyir.
Fidan öz növbəsində Türkiyə və Çinin Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı mövqelərinin əsasən üst-üstə düşdüyünü bildirib. O, hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan hərbi hücumlara və münaqişənin daha da şiddətlənməsinə qarşı olduğunu bildirib.




