Bu gün Qəbələ rayonunda fəaliyyət göstərən İntellektual İnkişaf Mərkəzində şəhid ailələri üçün xüsusi iftar süfrəsi təşkil olunmuşdur.
Tədbir şəhid Elşənin qardaşı Rəşad tərəfindən, rəhbərlik etdiyi “Erşən Şirniyyat Evi”nin təşəbbüsü ilə həyata keçirilmiş, müqəddəs Ramazan ayının mənəvi dəyərlərinə uyğun olaraq yüksək səviyyədə baş tutmuşdur.
İftar süfrəsində Oğuz rayonu və Qəbələ rayonlarından olan şəhid ailələri iştirak etmiş, birlik və həmrəylik mühiti bir daha özünü göstərmişdir. Tədbir çərçivəsində şəhid ailələri ilə səmimi söhbətlər aparılmış, bayram ovqatı paylaşılmışdır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşkilatçılara – Həzi müəllimə və Rəşad qardaşa öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, həmçinin onlara xatirə hədiyyələri təqdim etmişlər. Tədbirdə çıxış edən şəhid ailələri bu cür təşəbbüslərin cəmiyyətimizdə mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verdiyini vurğulamışlar.
Qeyd edək ki, keçirilən bu cür tədbirlər şəhid ailələrinə göstərilən ehtiramın, onların daim diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir.
Sonda xatirə şəkilləri çəkdirildi
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri














