Müharibələrə lənət olsun

Bu dünya bizə əmanətdir. Göyləri ilə, dənizləri ilə, dağları ilə, uşaqların gülüşü ilə, anaların duası ilə bizə verilmiş müqəddəs bir əmanət. Bu gözəl dünyanı bizə Allah verib. Allah bizə həyat verib, nəfəs verib, sevgi verib. Amma Allah insanları bir-birinə düşmən yaratmayıb. Müharibəni Allah etməyib — müharibəni insanlar edib.

Bu gün dünyanın gedişatı ürək ağrıdır. Bir tərəfdə körpələrin ağlaması, bir tərəfdə anaların fəryadı, bir tərəfdə torpağa düşən cavanların arzuları… Xüsusilə Ukrayna torpaqlarında davam edən savaş bir daha göstərir ki, müharibə kimə qalib, kimə məğlub yazılsa da, əslində uduzan insanlıq olur. Uduzan uşaqlardır. Uduzan analardır. Uduzan gələcəkdir.

Biz Azərbaycan xalqı müharibənin nə olduğunu bilən xalqıq. Azərbaycan torpağı şəhid qanı ilə suvarılıb. Biz həm ağrını yaşamışıq, həm də qələbəni görmüşük. Amma hər şeydən əvvəl biz sülhün nə qədər qiymətli olduğunu bilirik. Çünki hər müharibədən sonra ən böyük arzu sülh olur. Ən böyük dua “bir də olmasın” olur.

Müharibələrdə kim ölür? Saraylarda qərar verənlər yox. Sərvətini qoruyanlar yox. Ən çox ölən kasıbın oğludur. Ən çox ağlayan kasıbın anasıdır. Hegemon dövlətlərin güc nümayişi üçün başladılan savaşlarda zəif ölkələrin insanları torpağa tapşırılır. Böyük dövlətlər özlərini tarixə yazmaq üçün kiçik dövlətlərin taleyi ilə oynayır. Dünən də belə idi, bu gün də belədir. Amma bu, ədalət deyil. Bu, insanlıq deyil.

Biz uşaqların əyləndiyi bir dünya istəyirik. Məktəbə gedən, kitab oxuyan, gülən, oynayan uşaqlar görmək istəyirik. Bombaların səsi ilə yox, musiqinin səsi ilə böyüyən nəsil istəyirik. Azərbaycanlı balalar harada yaşamasından asılı olmayaraq — istər Ukraynada, istər başqa ölkədə — qorxu içində yox, sevgi içində yaşasınlar.

Sülh yalnız bir söz deyil. Sülh həyatdır. Sülh nəfəsdir. Sülh gələcəkdir. Dünyanın hər yerində sülh olsun. Azərbaycanda sülh olsun. Ukraynada İranda sülh olsun., Amerika  da sülh olsun ,dünyada sülh olsun. Heç bir ölkədə müharibə olmasın. Heç bir ana oğul dərdi çəkməsin. Heç bir uşaq atasız böyüməsin.

Allah bizə gözəl bir dünya verib. Bu dünyanı qanla yox, mərhəmətlə qorumalıyıq. İnsan insanın qanına susamamalıdır. Dövlət dövlətin torpağına göz dikməməlidir. Güc nümayişi üçün deyil, ədalət üçün yarış olmalıdır.

Müharibələrə lənət olsun.
İnsan qanı üzərindən qurulan siyasətə lənət olsun.
Gücünü zəifin üzərində göstərən hegemon düşüncəyə lənət olsun.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri