Tibbi müdaxilə, peşəkarlıq və dövlətinə bağlı gənclərə mənəvi dəstək – rəsmi açıqlama

Bakı – Respublika və beynəlxalq müsabiqələr laureatı, akademik opera vokal ifaçısı, “İlin Mədəniyyət fəalı” və “İlin Gənclər mükafatçısı” Altun Süleymanov anası Süleymanova Aygünün səhhəti ilə bağlı ictimaiyyətə növbəti açıqlamasını yayıb.

Məlumata əsasən, ilkin mərhələdə ambulator qaydada aparılmış cərrahi müdaxilədən sonra pasiyentin vəziyyətində ağırlaşma müşahidə olunub. Yaranmış klinik risklər nəzərə alınaraq daha ixtisaslaşmış tibbi müəssisəyə müraciət edilib və xəstə Xəzər Tibb Mərkəzinə yerləşdirilib.

Mərkəzin Cərrahiyyə şöbəsində aparılan geniş diaqnostik müayinələr nəticəsində inkişaf etmiş irinli-iltihabi proses müəyyən edilib və təcili əməliyyat qərarı qəbul olunub. Cərrahi müdaxilə uğurla icra edilib. Hazırda pasiyent stasionar nəzarət altındadır, vəziyyəti stabildir və müalicə prosesi tibbi protokollara uyğun davam etdirilir.

Altun Süleymanov bildirib ki, səhiyyə sahəsində əsas prinsip düzgün mərhələdə doğru qərarın verilməsidir:

 “Belə həssas məqamlarda yalnız əməliyyatın icrası deyil, prosesin izahı, məsuliyyətli yanaşma və insani münasibət də böyük əhəmiyyət daşıyır. Xəstə yaxınları üçün ən ağır məqam qeyri-müəyyənlikdir. Burada biz həm peşəkarlıq, həm də etik davranış gördük.”

Tanınmış sənətçi xüsusilə mərkəzin rəhbərliyinə — direktor Mübariz Ağayevə və ümumi şöbə müdiri Anar Rəhimova təşəkkürünü bildirib. Onun sözlərinə görə, operativ qərarvermə, sistemli nəzarət və koordinasiya xəstənin vəziyyətinin stabilləşməsində mühüm rol oynayıb.Altun Süleymanov açıqlamasında daha geniş ictimai məqama da toxunub. Onun sözlərinə görə, dövlətinə bağlı, milli dəyərlərinə sadiq və ictimai məsuliyyət hissi ilə yaşayan gənclərin yanında olmaq cəmiyyətin inkişaf strategiyasının mühüm hissəsidir:

 “Dövlətini sevən gənclər tək qalmamalıdır. Onların ailəsinə, sağlamlığına və təhlükəsizliyinə göstərilən diqqət əslində gələcəyə qoyulan sərmayədir. Biz bu diqqəti və dəstəyi hiss etdik.”

Sənətçi qeyd edib ki, güclü dövlət yalnız institusional mexanizmlərlə deyil, həm də humanist yanaşma ilə möhkəmlənir. Səhiyyə sistemində təhlükəsizlik, tibbi protokollara riayət və etik ünsiyyət paralel şəkildə təmin olunduqda həm vətəndaş məmnuniyyəti, həm də ictimai etimad güclənir.

Hazırda Süleymanova Aygünün müalicəsi davam edir. Altun Süleymanov bildirib ki, bu təcrübə səhiyyədə mərhələli və sistemli yanaşmanın əhəmiyyətini bir daha göstərdi.