İctimaixeber.az “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, müraciət edən Sabunçu sakini Dünyamalıyev Səxavət Nadir oğlu maraqlı iddialar səsləndirib. Onun sözlərinə görə, illərdir traktor sürücüsü işləyir və təxminən 10 gün əvvəl gecə saatlarında aldığı sifariş onu çətin vəziyyətə salıb.
Səxavət Dünyamalıyev bildirir ki, ona bir nəfər zəng edərək bir maşın tullantı qumunu daşımaq müqabilində 100 manat təklif edib:
“Axşam saat 22:00 radələrində zəng vurdular, dedilər tullantı qumu aparmaq lazımdır, 100 manat pul veriləcək. Razılaşdım və deyilən ünvana getdim. Ora çatanda bir nəfəri gördüm, amma o məni görən kimi qaçdı. Ardınca başqa bir maşınla adam gəldi, soruşdu ki, ‘səni bura kim göndərib?’. Mən də dedim ki, tullantı aparmağa gəlmişəm. Sonra mənə qum yığmağa gəldiyimi söylədilər”.
Şikayətçinin iddiasına görə, az sonra Sabunçu Rayon İcra Hakimiyyətinin işçiləri gəlib və onu şərləyərək traktorla birlikdə qaraja aparıblar:
“Traktor orada saxlanıldı, məni isə buraxdılar. Halbuki həmin traktor mənim deyil, günü 30 manata işləyirdim. Mənə qarşı haqsızlıq ediblər. Xahiş edirəm mənə kömək edin, ümidim sizlərədir”.




