Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır – vəhşiləri bizə kim ürcah edir?

0
629

“Çaqqallar əvvəlki dövrlərə nisbətən çoxalıb. Əvvəllər bu tipli hadisələrlə nadir hallarda qarşılaşardıq. İndi isə tez-tez eşidirik. Bunun ən böyük günahkarı insanlardır”

Son günlər ölkəmizin müxtəlif regionlarında yırtıcı heyvanların insanlara hücum etməsi ilə bağlı xəbərlərə tez-tez rastlaşırıq.

Bir neçə gün öncə Qax şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Bilalov yırtıcı heyvan dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdi. Müayinə zamanı R.Bilalovu yaşadığı ünvanda çaqqallın dişlədiyi məlum olub. Onu da qeyd edək ki, sözügedən rayonda belə hadisə bu ayda ikinci dəfədir, baş verir. Belə ki, rayonun Əlibəyli kənd sakini Liya Baraxaşvili də bağda fındıq yığarkən çaqqal hücumuna məruz qalmışdı.

Baş vermiş hadisənin  təfərrüatını öyrənmək üçün Ruslan Bilalovla əlaqə saxladıq. Rayon sakininin verdiyi məlumata görə, yırtıcı heyvan ona hücum etdiyi zaman heyvanı zərərsizləşdirmək üçün o, yoldaşlarından kömək istəyib: “Mən şəhər yerində yaşayıram. Şəhərdə çaqqal adama hücum edirsə, görün kənd yerlərində vəziyyət necədir? Mənim həyətimə daxil olmuşdu, mən də bir neçə adam çağırdım ki, məndən uzaqlaşsın. Yaxşı ki, həmin vaxt həyətdə uşaqlar olmayıblar, uşaqlara hücum eləsəydi, parçalayardı. Təcili tədbirlər görmək lazımdır. Əks halda, onun qurbanlarının sayı artacaq”.

Bu gün yırtıcı heyvanlar şimal zonasının sakinlərinə qənim kəsiliblər>>

Son dövrlər yırtıcı heyvanların insanlara hücum etməsinin səbəblərini Qax rayonu İlisu Dövlət Təbiət Qoruğunun mühafizə işləri üzrə direktor müavini Azərçin Muradovdan öyrənməyə çalışdıq. Qoruq rəsmisi Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, vəhşi heyvanların çoxu məişət tullantıları ilə qidalanır: “Çaqqal  əvvəlki dövrlərə nisbətən çoxalıb. Əvvəllər bu tipli hadisələrlə nadir hallarda qarşılaşardıq. İndi isə tez-tez eşidirik. Bunun ən böyük günahkarı insanlardır. Çünki bu heyvanlar məişət tullantıları ilə qidalanırlar. Təbiətdə onlar üçün geniş yem bazası yoxdur. Onlar nə ilə qidalanır? – Təbii ki, insanların atdığı zibillə”.

“Əvvəllər dəri tədarükü var idi, indi heç dəri tədarükü də yoxdur. İnsanlar kəsdikləri heyvanların dərisini çıxarıb meşəyə atırlar. Hamısını canavar, tülkü, yenot, çaqqal yeyir. Artırlar, çoxalırlar, quduzluq olur. Qəzetlərdə, saytlarda manşet verirlər ki, “Qaxda yaşlı qadına çaqqal hücum çəkdi”. Onları bəsləyən, qudurdan bizik”, – deyə qurum rəsmisi sakinləri təmizliyə dəvət edib.