Baş nazirin müavini: “XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu”

0
490

1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

Ə.Əhmədov bildirib ki, etiraf etmək lazımdır ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu:

“Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.