” Biz Həmişə Sizinləyik”
27.04.2025- cü il tarixdə Şuşa rayon 24 nömrəli ümümi orta məktəbin U.B.T-rəhbəri Ramella Quliyeva tərəfindən 44-günlük Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə qanı,canı ilə tarix yazmış, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı, Baş çavuş Mikayıl Mikayılli Miğfər oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qəbələ şəhərinin çoxsaylı şəhid anaları , ataları,Qəbələ yazarları, Qəbələ TV və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova iştirak etmişdir.
Tədbir ilk öncə Dövlət Himni səslənmiş və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə məktəb uşaqlarının ifasında şəhid Mikayıla həsr olunmuş şerlər səslənmiş,nəğmələr ifa olunmuşdur.
Şagirdlərin ifasında hazırlanmış kompozisiya iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş, Xarıbülbül rəqsi tədbir iştirakçılar tərəfindən alqışla qarşılanmışdır.
Şəhid Mikayıl Mikayılınin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən geniş məlumat verilmişdir.
Qürur mənbəyimizə çevrilmiş ,şəhidlərimizi qürur,hörmət və ehtiramla yad edirik
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşan qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı diversiya qrupunun giziri Mikayıllı Mikayıl Miğfər oğludur.
Mikayıllı Mikayıl 1993-cü il, sentyabrın 24-də Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olub. Orta məktəbi də həmin kəndin məktəbində oxuyub. Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə fəxri fərmanlar alıb.
2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Ali məktəbə hazırlaşa-hazırlaşa hərbçi olmaq üçün müraciət edir.
Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, qəbul olunsa da, təhsilini davam etdirmir. Hərbi xidmətini başa vurduqdan üç ay sonra hərbçi kimi işləməyə başlayır.
Bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. Xidməti ilə əlaqədar olaraq Bolqarıstan, Ukrayna və sair ölkələrdə kurs keçir.
Şəhid Mikayıl Mikayıllı
2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır.
Anası İradə xanımın sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, yaralanır. Lakin müalicəsi bitdikdən sonra yenidən xidmətə geri dönür: “Sentyabrın 27-də başlayan Vətən müharibəsində də ön sıralarda idi Mikayıl. Düzdür, xidməti haqqında heç bir zaman danışmayıb. Hətta aprel döyüşlərində yaralanması barədə də bilmirdim. Həmişə deyirdi ki, “ana, yarım qalan işlərimiz var, onları bitirməliyik. O işlər bitərsə, mən rahat olaram. Balam işinin sirlərini həmişə məndən gizlədib, həmişə”.
İradə xanım Mikayıl haqqında danışdıqca göz yaşları yanaqları boyu süzülürdü. Hıçqırıqlarına ara verib, danışır, danışır, gözü önündə övladını canlandırır. Deyir ki, Mikayıl xaraktercə çox mülayim, ailənin qayğısına qalan övlad olub.
Sonuncu dəfə anası ilə sentyabrın 25-i danışır. Deyir, “ana, darıxma, işlərimiz bitsin, sənin də arzularını həyata keçirəcəm.
Sentyabrın 29-dan 30-na keçən gecə…
Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır və aparılan əməliyyat uğurlu alınır. Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. Lakin geri dönərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin düşməsi nəticəsində şəhid olur.
“Səhər saatları idi… Qapı döyüldü, getdim, kəndin icra nümayəndəsi, bələdiyyə sədri gəlmişdilər. Həmin an dünyam qaraldı. Dedim, mənə pis xəbər deməyin. Çıxın gedin. İçim dağılırdı. Bir az sonra gördüm, kənd camaatı gəlir. Qol-qanadım qırıldı, məhv oldum”, – İradə xanım göz yaşlarını silir.
Mikayılın qardaşı Samir qardaşını xatırlayarkən gözü dolur: “Çox vətənpərvər idi Mikayıl. İşini də çox sevirdi. Bizə deyirdi ki, “Xocalı hadisəsini xatırlayın. Bizim alacaq qisasımız var. Mən işləməli və yarım qalmış işi tamamlamalıyam. Ancaq üzünə, gözlərinə baxanda hiss edirdik ki, yorğundur”.
“Bu yara heç vaxt sağalmayacaq. O mənim ilk övladım idi. Dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü onun yanında uşaq kimi hiss edirdim”, – İradə xanım danışır.
Qəbələ rayonu Mıxlıqovaq kənd qəbristanlığında dəfn olunub.
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah rəhmət eləsin.
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova









