Siyasi partiyalar da ictimai nəzarət altında

0
872

Ölkədən kənardakı söyüş kompaniyalarına bəzi dövlət məmurları tərəfindən vəzifədə olduqda və vəzifədən kənarlaşdırıldıqdan sonra da maliyyə yardımı edilməsi İNK-nın sədri, DAMM-in 1-ci vitse-prezildenti, SİMİB-in rəhbəri Rasim Məmmədov tərəfindən bir daha ifşa olundu.

R.Məmmədovun Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” adlı tədbirdəki cəsarətli və aktual çıxışı ölkə ictimaiyyətinin fəallığını artırmaq cəhdi ilə hələ uzun müddət yaddaşlarda qalacaq. Bu çıxışdan bəzi məqamları oxucuların diqqətinə çatdırırıq:

“Ölkə prezidentinin 2015-ci ilin sentyabr ayında əhalinin haqlı narazılığını nəzərə alaraq ictimai nəzarətin vacibliyini, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılması ilə bağlı fikirlərinin və göstərişlərinin bir çox dövlət məmurları tərəfindən dəstəklənməməsi faktı hamını narahat etməlidir. Halbuki, Prezidentin çıxışlarında xüsusi olaraq vurğulanan bütün sahələrlə bağlı problemlər ölkə məmurlarının gündəlik iş rejiminin əsasını təşkil etməlidir. Xalqın ictimai fəallığının artırılması ilə bağlı prezident tapşırığına biganəlik yolverilməzdir. Hələ də ictimai qınaqların dövlət orqanları tərəfindən qarşısının alınması ilə bağlı faktlarla bizə gündəlik müraciət edənlər var. Dövlətin büdcəsindən qeyri-qanuni yollarla yararlananların bu dövlətin başçısına və onun ailəsinə etdiyi təhqirlərə gəlincə isə, bunu hər bir azərbaycanlı ailəsinə edilən təhqir kimi qiymətləndirməliyik. Düşmən ünsürlərə qarşı mübarizədə birləşmək əvəzinə prezidenti söyən insanlara ev verilməsini alqışlayanlara qarşı ölkənin sağlam düşüncəyə malik nümayəndələrinin birgə ictimai fəaliyyətinin gücləndirilməsi vacibdir. Azərbaycanda son dövrlərdə əhalinin sosial durumu və iqtisadi yüksəlişimiz naminə həyata keçirilən ictimai-siyasi və ideoloji tədbirlərin bu kimi xoşagəlməz insidentlərlə qarşılaşmasına yol verənlər layiqli cəzalarını almalıdırlar.

Gəlin ölkədə sabitliyin qorunması uğrunda, ölkə rəhbərliyinin və ölkə ictimaiyyətinin sağlam həyat qanunlarımızın həyata keçirilməsinə birgə nəzarət uğrunda sıx birləşək”.

“ictimaixeber.az”