Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi

0
11

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçir.

Bu hərbi qarşıdurma Rusiya ilə Ukrayna arasında hələ 2014-cü ildə başlayan münaqişənin aktiv hərbi fazası hesab olunur.

Bildirək ki, Rusiya prezidenti 2022-ci ilin 22 fevralında Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıdığını bəyan edib.

2022-ci ilin 24 fevralında isə Rusiya Ukraynaya hərbi müdaxilə edib. Rusiya Prezidenti Vladimir Putin bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

Müharibənin ilk günlərində Rusiya ordusu Belarus ərazisindən istifadə edərək Ukraynanın paytaxtı Kiyevə hücuma keçib, lakin bir müddət sonra döyüş meydanında uğursuzluqlar yaşamağa başlayıb. Rusiya qoşunları Kiyev, Sumı və Çerniqov vilayətlərinə çatsalar da, orada möhkəmlənə bilməyib, tezliklə həmin əraziləri tərk etməyə məcbur olublar.

Buna baxmayaraq, bir müddət sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətinin – Donetsk, Luqansk, Xerson və Zaporojyenin ilhaqını elan edib. Lakin ilhaq edilmiş ərazilərin dəqiq xəritəsi yoxdur, çünki müharibə qarşılıqlı müxtəlif mövqe itkiləri ilə davam edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə İkinci Dünya müharibəsi bitəndən sonra Avropa qitəsində ən böyük silahlı qarşıdurmadır.