İran Avropadan 15 milyard dollar həcmində kredit istəyir

0
453

Əgər Avropa dövlətləri İrana 15 milyard dollar həcmində kredit ayırsalar, o zaman rəsmi Tehran nüvə sazişinə əsasən üzərinə düşən öhdəliklərdən imtina etməyəcək.

Bu sözləri İranın Xarici İşlər Nazirinin müavini Abbas İraqçı Fransa hökumətinin nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib. Onun fikrincə, saziş imzalandıqdan sonra İran öhdəliklərini yerinə yetirsə də, Avropa yerinə yetirməyib. Bu səbəbdən də İran iqtisadiyyatına 15 milyard dollar həcmində ziyan dəyib və Avropa bu ziyanı ödəməlidir.

Bu açıqlamadan sonra Prezident Həsən Ruhani bildirib ki, sentyabrın 6-da İran üzərinə düşən öhdəliklərin azaldılması istiqamətində üçüncü addımını atacaq. Yəni, nüvə tədqiqatları və uranın zənginləşdirilməsi davam etdiriləcək. Bununla yanaşı, Prezident Avropa dövlətlərinə əlavə 60 gün də vaxt verildiyini diqqətə çatdıraraq qeyd edib ki, əgər növbəti 60 gün ərzində də Avropa öhdəliklərini yerinə yetirməyə başlamasa, o zaman İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müəyyənləşdirdiyi qaydalar çərçivəsində nüvə proqramını bərpa edəcək.

Yerli mətbuat yazır ki, H.Ruhani sentyabrın 6-da öhdəliklərin azaldılması üçün üçüncü addımın atılacağını və bunun ardınca Avropaya əlavə vaxt verildiyini bəyan etməklə, Fransa və Almaniya dövlət başçılarına bu şərtlə razılaşıb razılaşmadıqlarını bildirmək üçün bir gün də vaxt verib. Yəni, sentyabrın 5-də gün ərzində hər iki Avropa dövləti İrana cavab verməlidir. Əgər İranın şərtləri qəbul edilsə, rəsmi Tehran üçüncü addımı atmayacaq. Əgər qəbul etməsələr onda İran uranın zənginləşdirilməsi işinə davam edəcək.

Avropa dövlətlərindən hələlik heç bir cavab alınmayıb. Lakin ABŞ Prezidenti Donald Tramp İranın bu bəyanatından sonra bildirib ki, sentyabrın son həftəsində Nyu-Yorkda BMT-nin tədbiri çərçivəsində H.Ruhani ilə görüşə bilər. İran ABŞ Prezidentinin bu açıqlamasına hələlik cavab verməyib.

Xatırladaq ki, 2015-ci ildə ABŞ və bir sıra Avropa dövlətləri İranın nüvə proqramının məhdudlaşdırılması haqqında saziş imzalayıblar. Lakin ABŞ Prezidenti sazişdən birtərəfli qaydada çıxdıqdan sonra Fransa, Böyük Britaniya və Almaniya sazişlə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədilər. Bu dövlətlər İrandan neft almaqdan imtina etməklə yanaşı, maliyyə hesablaşmaları üçün də sistem yaratmadılar.

Bundan sonra İran da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qismən imtina etməyə başlayıb. Rəsmi Tehran nüvə tədqiqatlarını bərpa edib və uranın zənginləşdirilməsi işinə başlayıb. Lakin Avropanın öhdəlikləri yerinə yetirəcəyi təqdirdə İran nüvə tədqiqatlarını tam dayandırmağa söz verir.