299 dollara telefon cihazları: Xəyal, yoxsa reallıq?

0
12

Bu yaxınlarda Tesla şirkətinin telefonlarının 299 dollara satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, telefon günəş enerjisi ilə qidalanır və peyk bağlantılı pulsuz internet üstünlüklərinə malikdir.

Texnobloger Fərid Pərdəşünas açıqlamasında bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Feyk xəbərlərdir, elə telefonlar mövcud deyil. Tesla telefonlarının olması hələki planda yoxdur”.

Qeyd edək ki, xəbər həm dünya, həm də ölkə mətbuatında yayılıb. Hərçənd İlon Mask da daha öncəki açıqlamalarında bu barədə ümidverici danışmamışdı.

Ötən ayın əvvəllərində Co Roqanın podkast proqramına qonaq olan Mask ortaya atılan “Tesla telefonu” şayiələrinə cavab olaraq şirkətin smartfon bazarına daxil olmağı planlaşdırmadığını bildirib və əlavə edib:

“Xeyr, biz telefon hazırlamırıq. Bunu etmək gücündəyik, amma ehtiyac olmadıqca bu, başa çatdırmaq istədiyimiz bir şey deyil.”

Əslində söhbətin bununla da bağlanacağı ehtimal olunurdu. Ardınca bir çox sosial media platformaları milyarderin peyk bağlantısı olan Tesla telefonları ilə bağlı “299 dollarlıq Tesla telefonu iPhone-un sonu olacaq” açıqlamasını tirajlamağa başladılar.

Xəbərdə həmin telefonun qlobal peyk internet bağlantısı olduğunu, günəş enerjisi ilə qidalandığı və avtomobilə, evə problemsiz nəzarəti təmin edən telefon olması barədə məlumatlar da yer alırdı.

Təbii ki, qeyd olunan göstəricilər çox yaxşıdır və bu da hələlik üzə çıxmayan telefona rəğbəti artırır. Üstəlik belə bir qiymətə təqdim olunması…

Məlumat paylaşmaq və saxta xəbərləri yoxlamaq üçün Meta (Facebook) və TikTok ilə əməkdaşlıq edən “PolitiFact” saytı 299 dollarlıq Tesla telefonunu ifşa edib.

“Cənab Maskın bunu dediyi iddiasını təsdiq edəcək mənbə tapmadıq. Cənab Maskın Tesla telefonunu elan etməsi xəbərini yalan hesab edirik “, deyə “PolitiFact” təsdiqləyib.