COP29-a qarşı hibrid hücum: MM-dən reaksiya

0
17

“Global Witness” adlı beynəlxalq QHT noyabrın 8-də apardığı “araşdırma” ilə bağlı iki xəbər yayıb. “COP rəsmiləri gizli araşdırma zamanı saxta sərmayəçi üçün qalıq yanacaqla bağlı danışıqları asanlaşdırır” və “COP29 neft sövdələşmələri üçün” başlıqlı yazılarda COP29-un baş icraçı direktoru Elnur Soltanovla videokonfrans formatında keçirilmiş görüşə istinad olunaraq beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılıb.

Bu barədə Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olub ki, doğrudan da, cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş tutub:

“Eyni zamanda, həmin görüşün video qeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməyib”.

Həmçinin vurğulanıb ki, “Global Witness” qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol verib:

“Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini (www.eccapitalholdings.com) və Steven Linin “Linkedin” platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olub”.

Diqqətə çatdırılıb ki, bu əməliyyatda “Global Witness”ə informasiya dəstəyi BBC tərəfindən verilib:

“BBC-nin “COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global Witness” və BBC tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcək”.