Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi konfransa məqalə qəbulu davam edir

0
436

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda oktyabrda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir. Tədbir dahi şairin 650 illik yubileyinə həsr olunacaq.

İnstitutdan  bildirilib ki, müəlliflər məqalələrini konfransın təşkilat komitəsinə təqdim edə və ya [email protected] e-poçt ünvanına sentyabrın 30-dək göndərə bilərlər. Təqdim olunan materiallar orijinal olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir.

Məqalələr 12 ölçülü Times New Roman şrifti ilə yazılmalı, sətirlərarası 1 interval aralıqla tərtib olunmalı, mətn vərəqində hər tərəfdən 2 santimetr boşluq qoyulmalıdır. Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 5 səhifədən artıq olmamalıdır. Məqalənin sonunda ingilis və rus dillərində (məruzənin mətni ingilis və ya rus dilində olduqda isə Azərbaycan dilində və digər müvafiq dildə) xülasə olmalıdır. Xülasədə müvafiq xarici dillərdə müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşağıda isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr verilməlidir. Məqalənin sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, varsa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməlidir. Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları mətnin sonunda əlifba sırası ilə düzülməli və istinadlar həmin sıraya uyğun nömrələnməlidir. Məsələn, (1, s.5).

İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən mənbənin bütün buraxılış göstəriciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, internet ünvanı və s.) dəqiq əks olunmalı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olunmalıdır. Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, soyadı, elmi dərəcəsi (varsa elmi adı) məqalənin sonunda göstərilməlidir.

Qeyd edək ki, konfransda “Nəsiminin poetik dilinin qrammatik quruluşu və leksik xüsusiyyətləri”, “Nəsiminin şeir dilinin üslubiyyatı”, “Azərbaycan ədəbi dili tarixində Nəsimi mərhələsi”, “Azərbaycan ədəbi dili tarixi və Nəsimi ənənəsi”, “Anadilli poeziyanın təşəkkülü və inkişafı mərhələləri”, “Azərbaycan dili tarixinin öyrənilməsi: problemlər və perspektivlər” bölmələri üzrə məruzələr dinləniləcək.