Azərbaycana təzyiq və iğtişaş planları: Aİ səfiri müxalifətə hansı tapşırığı verib?

0
45

Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sədri İsa Qəmbər və sabiq sədri Arif Hacılı, eləcə də müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə görüş keçirilib. Müxalifət təmsilçiləri – Əli Kərimli, Arif Hacılı və digərləri bu görüşü “kollektiv Qərbin Azərbaycandakı siyasi qüvvələrə dəstəyi” formasında təqdim edir, sosial şəbəkə profillərinin lentində sevinclə paylaşırlar.

Mövcud vəziyyətdə – bütün siyasi fəaliyyəti klaviatura arxasında status yazıb, layk toplamaqdan ibarət olan bu qüvvələr üçün hansısa Avropa ölkəsinin ikinci, üçüncü dərəcəli əməkdaşının, yaxud beynəlxalq təşkilatın koordinatorunun qəbuluna düşmək böyük “uğurdur”. Bu fakt bir daha isbat edir ki:

– sosial bazası sıfırlanan müxalifət xaricdən gəlmiş istənilən şəxslə görüşü “uğur” hesab edəcək qədər cılızlaşıb;
– belə görüşlərlə onlar xaricdən maliyyə dəstəyi almağa və ölkənin siyasi müstəvisində öz mövcudluqlarını bu və ya digər formada davam etdirməyə ümid edirlər;
– və buna nail olmaq üçün hər şeyə – verilən bütün tapşırıqları icra etməyə hazırdırlar, bu, milli və dövlət maraqlarının əleyhinə olsa belə;

Əslində təəccüblü deyil və Aİ-nin Bakı ofisinin qapısından içəri girən bu şəxslərin 30 illik fəaliyyətində xüsusi xətlə keçən “şəxsi və siyasi maraqlar üçün hər şey mübahdır” prinsipi dəyişməyib. Dəyişən sadəcə zaman və motivdir. İndi əsas motiv sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləridir. Müxalifətin avropalı diplomatlar tərəfindən qəbul edilməsinin də səbəbi məhz seçki ərəfəsində Azərbaycan dövlətinə qarşı qurulan planların daxili qüvvələr vasitəsilə həyata keçirilməsi cəhdləridir.

Aİ-nin Bakı ofisində keçirilən görüş Qərbdəki qüvvələrin sentyabrın 1-nə təyin olunan parlament seçkilərini Azərbaycanda daxili iğtişaşlar yaratmaq üçün növbəti fürsət kimi gördüyünü təsdiq edir. Bu yanaşma artıq stereotipləşib: Azərbaycanda istənilən ictimai-siyasi hadisə zamanı – bu, beynəlxalq əhəmiyyətli idman, musiqi, yaxud mədəni tədbirlər, qlobal səviyyəli konfranslar və seçkilərdir – kənardan müdaxilə planlarının icrası üçün daxildə bəlli qruplar aktivləşdirilir.

Məqsəd seçki, yaxud iddia etdikləri “demokratiya”, “insan haqları” kimi məsələlər deyil. Bunlar sadəcə motivlərdir, hədəf isə bu motivlər üzərindən Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirməkdir. Mövcud vəziyyətdə Qərb qüvvələrinin Azərbaycana iki istiqamətdə təzyiq cəhdləri müşahidə edilir.

Birincisi, Qərbin Cənubi Qafqazda mövqelərinin güclənməsi, bölgədə qüvvələr balansını öz xeyirlərinə dəyişməkdir.

Gürcüstanda mövqeləri zəifləyən Qərb Ermənistan üzərində yeni platforma qurur, hərçənd, həlledici faktor olan Azərbaycanın milli maraqlarına əsaslanan siyasi xətti kənar qüvvələrin bölgədə qeyri-stabillik yaradacaq müdaxilələri üçün problemə çevrilib. Rəsmi Bakıdan əsas istəkləri də mövcud milli siyasətinə kənar qüvvələrin xeyrinə korrektlərin edilməsidir. Ki, Azərbaycan dövləti həm milli maraqlar, həm də regionun uzunmüddətli sülh perspektivi üçün bu planlara qarşıdır.

Bakının mövqeyinə təsir etmək məqsədilə edilən təzyiq siyasəti –
Zəngəzur dəhlizi, ermənilərin Qarabağa qayıdışı, “demokratiya”, “insan haqları”na dair iddialar, seçki məsələləri və digər məsələlər üzərindən aparılan kampaniyalar buna hesablanıb.

İkincisi, Ermənistanın maraqlarının müdafiə edilməsidir.

Qərbin Bakı-İrəvan sülh danışıqlarında həm kommunikasiyanın açılması, həm sərhədin delimitasiyası məsələsində Ermənistanın gündəliyini qəbul etdirmək cəhdləri aydın görünür. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin “ermənilərin Qarabağa qaytarılması” kimi məsələləri Brüsselin xarici siyasət kursuna çevirmək cəhdləri, eləcə də Azərbaycana qarşı kampaniya xarakterli ittihamlar irəli sürməsi bu prosesin tərkib hissəsidir.

Bir-birinin davam olan bu hədəflərə nail olmaq məqsədilə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq cəhdləri edilir. Müxalifətin aktivləşdirilməsi də bu planda daxili təzyiq rıçaqlarının işə salınması istiqamətlərindən biridir.

Aİ-nin Bakı ofisində keçirilən məlum görüşlə bağlı yayılan məlumatlar da təsdiq edir ki, görüş iştirakçılarına – AXCP, Müsavat və digər qüvvələrə konkret tapşırıqlar verilib.

1. Seçki dövründə kütləvi tədbirlərin keçirilməsi, bölgələrdə tərəfdarların səfərbər edilməsi, həm paytaxtda, həm də regionlarda aksiyaların təşkili;
2. İğtişaşların yaradılması, xüsusilə asayiş keşikçiləri ilə qarşıdurmaya getmək;
3. Etiraz aksiyalarının paytaxtla regionlar arasındakı yolların bloklanmasına yönləndirilməsi;
4. Gənclərin təşkilatlandırılması, multimedia qrupları yaradaraq, ölkədəki neqativlərin sosial şəbəkələrdə aktiv paylaşılması;
5. İctimai diqqət çəkən aksiyaların keçirilməsi: əvvəlki illərin təcrübəsinə əsaslanaraq, abidələrin, heykəllərin boya ilə rənglənməsi və s;
6. Sosial məsələlərin – uşaqpulu, qazilərin sosial vəziyyəti, bahalaşma, Qarabağın bərpasında vəsaitlərin şəffaf xərclənməməsi kimi iddiaların gündəmdə saxlanılması;


Səfir Piter Mixalko görüşdə müxalifət nümayəndələrinə bu tapşırıqları verib. Görüşdə iştirak edən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri tapşırıqlara əməl ediləcəyini deyib, əvəzində maliyyə dəstəyinin verilməsini istəyiblər. Məlumatlara görə, seçki ərəfəsində Qərbdən gələn bu istəklərin icra ediləcəyinə dair razılaşma olub. Təsadüfi deyil ki, avqustun 12-də keçirilən görüşdən sonra müxalifət müvafiq tapşırıqların yerinə yetirilməsi istiqamətində aktivləşib. Misal üçün, Əli Kərimli ona təzyiqlərin edildiyi iddiasını intensiv şəkildə tirajlayır, Arif Hacılı seçkilərin legitimliyini şübhə altına alan iddialar irəli sürür və s.

Aİ-nin Bakı ofisindəki görüş, müxalifətə verilən tapşırıqlar Azərbaycandakı seçkilərə kənar müdaxilə cəhdlərinin edildiyinə dair danılmaz faktdır. Halbuki, Qərb ölkələri özlərində keçirilən seçkilərə müdaxilə məsələsinə həssas yanaşır. Bunun konkret nümunələri var:

– ABŞ-da Donald Trampın 2016-cı ildə prezident seçildiyi vaxt “Rusiyanın seçkiyə müdaxiləsi” versiyası hələ də müzakirə edilir, ölkənin daxili siyasəti bir çox hallarda bu versiya üzərindən dizayn edilir;
– Fransada son seçkilərdə “Tik-tok” sosial şəbəkəsi seçki prosesinə müdaxilə iddiası ilə bağlandı;


Belə nümunələr kifayət qədərdir. Burada əsas məsələ seçkiləri daxili toxunulmazlığın əsas komponenti kimi qəbul edən Qərb ölkələrinin Azərbaycan və digər ölkələrdə keçirilən seçkilərə açıq şəkildə müdaxilə etməsi, hətta nəticələrə belə təsir etmək cəhdləridir. Sual yaranır: seçkiyə müdaxiləni öz təhlükəsizliyinin ən vacib elementi kimi görən Qərb ölkələri özlərində Azərbaycandakı seçkilərə müdaxilə etmək haqqını necə görə bilərlər?!

Qərb ölkələrinin belə qərəzli və ikiüzlü siyasətinə zəmin yaradan amillərdən biri Azərbaycan daxilindəki qüvvələrin şəxsi maraqları naminə ölkənin milli təhlükəsizliyini qurban verməyə hər an hazır olmasıdır. Əgər özlərini siyasi müxalifətin “əsas fiqurları” kimi təqdim edənlər – Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimilər Avropadan gələn 3-cü, 4-cü dərəcəli şəxslərin qarşısında yaxalarını düymələyir və verilən tapşırıqları milli maraqların əleyhinə olsa belə, icra etməyə hazır olduqlarını deyirsə, kənar qüvvələr bu amildən niyə istifadə etməsin?!

Dəhşətli və ikrah doğuran haldır. Özlərini “müxalifət” adlandıranlar siyasi və şəxsi ambisiyaları naminə dövlət-millət maraqlarını tanımır, “hər şey mübahdır” prinsipindən yanaşırlar. Hətta erməni maraqlarının müdafiəsi belə onlar üçün “qırmızı xətt” deyil. Əli Kərimlinin Azərbaycan dövlətini “sülhdə maraqlı olmamaqda”, “aqressiv mövqe” sərgiləməkdə ittiham etməsi bunun real nümunəsidir. Və birbaşa Qərbin Bakı-İrəvan sülh danışıqlarını Ermənistanın maraqları istiqamətində yönləndirmək planının tərkib hissəsidir. Aİ-nin Bakı ofisində keçirilən görüşdə səfir Piter Mixalkonun müxalifətə erməni maraqlarının əsas müdafiəçilərindən olan Cozef Borelin iradlarını çatdırması da bu kontekstdə təsadüfi deyil və istisna edilməməlidir ki, verilən tapşırıqlardan biri məhz sülh danışıqlarında erməni maraqlarının təmin edilməsi üçün rəsmi Bakıya daxili təzyiqin gücləndirilməsidir. Hakimiyyətə “müxalifət” adı altında dövlət və milli maraqlara müxaliflik edənlərin sərgilədiyi mövqe bunu aydın şəkildə göstərir.

Səfir Piter Mixalkonun verdiyi tapşırıqlardan biri də COP-29 ərəfəsində ölkə daxilində gərginlik və narazılıq yaratmaq, diqqəti süni şəkildə gündəmə gətirilən neqativlərə yönəltməkdir. Məlumatdan aydın olur ki, özlərinə “müxalifət” deyən qüvvələrin önünə tapşırıqlar paketi qoyulub:

– Seçkinin legitimliyini şübhə altına almaq;
– Sülh danışıqlarında Ermənistanın mövqeyini gücləndirəcək addımlar atmaq, daxili ictimai rəyi bu istiqamətdə kökləmək;
– COP-29 tədbirini siyasiləşdirmək və beynəlxalq diqqəti neqativlərə yönəltmək;


Uzunmüddətli proqram xarakteri daşıyan bu tapşırıqların yerinə yetirilməsi üçün daxili qüvvələrə maliyyə və siyasi dəstək veriləcək. Göründüyü kimi, Azərbaycanın milli təhlükəsizliyini təhdid cəhdləri var və 30 ildir şəxsi-siyasi ambisiyaları naminə milli maraqları satan qüvvələr daxili iğtişaşlara hazırlaşır. Bu təhdidlərin qarşısını almaq üçün dövlət də, xalq da ayıq olmalı, kənar müdaxilə planlarının icraçılarını neytrallaşdırmalıdır.