MÜHÜM XƏBƏR – Bu tarixdə sənədsiz evlərlə bağlı qanun qəbul olunacaq

0
87

Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış evi var.

Bununla bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlama verib.

O qeyd edib ki, bu istiqamət üzrə son müzakirələr gedir:

“Qanun layihəsi demək olar ki, hazırdır. Eyni zamanda Ədliyyə Nazirliyi ilə birlikdə yeni elektron sisteminin hazırlanma işləri davam etdirilir. Bu istiqamətdə də işlər tamamlanmaq üzrədir. Hesab edirəm ki, bu il daşınmaz əmlakın qeydiyyatı istiqamətində, o cümlədən, sənədsiz evlərin sənədləşməsi istiqamətində inqilabi dəyişiklik olacaq. Burada söhbət təkcə sənədsiz evlərin sənədləşməsindən getmir. Eyni zamanda vahid elektron sistem üzərindən bir sıra dövlət orqanları ilə işlər görüləcək. Məsələn, bir mənzilin bir neçə dəfə satılmasının qarşısının alınması lazımdır. Bu kimi çox ciddi pozuntular sistem üzərindən tapılaraq, həll olunacaq”.

Ekspert diqqətə çatdırıb ki, bu ilin sonuna kimi sənədsiz evlərlə bağlı qanun qəbul oluna bilər:

“Detallar barədə hələlik tam açıq məlumat verilmir. Təqribən qeyd etdiyimiz qanun layihəsinin hazırlanması elə amnistiyanı nəzərdə tutur. Ölkə ərazisində evlərin hər birində problemlər ayrıdır. Yəni, bəziləri qeyri-təyinatlı ərazilərdə, dövlət torpaqlarında inşa olunub. Ona görə bu problemlərin həlli istiqamətində ayrı-ayrı normativ aktlarla dəyişiklik olunmalıdır. Bir sözlə, evlərə amnistiya verilməsi nəzərdə tutulur”.