İlk dəfə olaraq Milli Mətbuat Günü suverenliyi tam bərpa edilmiş Azərbaycanda keçirilir

0
53

“Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Bu qəzetin nəşri Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. “Əkinçi” çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, məlumatlandırmaq, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoyub. Bu il milli mətbuatımızın yaranmasından 149 il ötür.

Bu fikirləri müsahibəsində AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib.

“Əkinçi” müasirləşmə, azərbaycançılıq və digər mühüm dəyərləri təbliğ edərək, hadisələri obyektiv işıqlandıraraq Azərbaycanda azad demokratik mətbuatın gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. “Əkinçi”dən sonra “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər qəzet və jurnallar da mətbuatımızın inkişafında böyük rol oynayıb.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Ulu Öndər deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Ümummilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə səmimi münasibət onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda, cəsarətli olmağa sövq edirdi.

Ulu Öndərin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, medianın fəaliyyətinin genişlənməsinə və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Xatırlamaq yerinə düşər ki, 2020-ci ildə Azərbaycan jurnalistikası ağır sınaqlardan keçib. Elə həmin ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoydu. Azərbaycan jurnalistləri koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam edib.

2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olub. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılıb. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun separatçılarına ağır zərbələr vurulub. Bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyulub. Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar məhz media nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində çatdırılıb. AMEA Rəyasət Heyətinin cari ildə keçirilən iclasında akademiyanın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini müasir tariximizin yeni dövrü kimi qiymətləndirib.

Ölkə jurnalistikasının bir parçası olan AMEA mətbuatı da tarixi ənənələrə sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir, ölkənin elmi həyatında baş verən bütün hadisələrə həssaslıqla yanaşaraq cəmiyyətə operativ, dolğun məlumatlar ötürür.

Qeyd edək ki, iyulun 5-də AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının şöbə müdirlərinin iştirak etdiyi müşavirədə vətəndaşların müraciətinin operativ araşdırılması və cavablandırılması məqsədilə daxili imkanlar hesabına İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında müzakirələr aparılıb.

Məlumdur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. 2024-cü ildə ölkəmizdə bir neçə böyük tədbirin keçirilməsi nəzərdə tutulub ki, bunlardan ən önəmlisi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-dur.

2024-cü ilin sentyabr ayında isə ölkəmizdə Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyi münasibətilə yubiley tədbiri nəzərdə tutulur.

Ölkəmizin bu günü və gələcək inkişafı üçün böyük əhəmiyyətə malik olan bütün bu tədbirlər həm müvafiq dövlət qurumları, həm də elmi ictimaiyyət və medianın qarşısında strateji vəzifələr qoyur.

Builki Milli Mətbuat Gününü daha fərqli və möhtəşəm edən xüsusiyyət isə bu bayramın ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır. İnanırıq ki, uzun və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək. Milli jurnalistikamız bundan sonra da inamlı şəkildə irəliləyəcək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.