Tehrandakı səfirliyimiz yeni məkanda açılacaq: təhlükəsizlik zəmanəti varmı?

0
143

Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyət göstərəcək. Xarici İşlər Nazirliyinin açıqlamasından məlum olur ki, rəsmi Bakı terror aktından sonra bağlanan səfirliyin fəaliyyətinin bərpa edilməsi üçün Tehrandan təhlükəsizlik zəmanəti tələb edir.

Səfirlik binasının yeni məkana köçürülməsi də təhlükəsizlik məqsədi daşıyır. Bu, Bakı-Tehran xəttində münasibətlərin normallaşması atmosferinə uyğundur. Hərçənd:

– Səfirliymizə qarşı törədilən terror aktının izi İran siyasi dairələrinə qədər gedir və terrorçu cəzalandırılsa da, bunu planlaşdıranlar zərərsizləşdirilməyib, hələ də Tehran rejimində təsir imkanlarını saxlayırlar;
– İran daxilində Azərbaycana qarşı olan bu qrupların eyni addımı atmayacağına, yaxud başqa təxribatlar törətməyəcəyinə zəmanət yoxdur.

Terror aktının arxasındakı gücləri nəinki məhkəmə qarşısına çıxarmayan, ümumiyyətlə, zərərsizləşdirməyən rəsmi Tehranın verdiyi zəmanət də yalnız vəddən ibarətdir. Bu baxımdan, səfirliyimizin yeni məkana köçürülməsi təhlükəsizliyin tam təmin ediləcəyini sual altında salır. O da istisna deyil ki, İran daxilində Bakı-Tehran münasibətlərinin normallaşmasının əleyhinə olanlar səfirliyin yenidən açılmasının qarşısını almaq məqsədilə təxribat törədə bilər. İranın mühafizəkar elitasına bağlı media orqanlarının Azərbaycana qarşı anti-təbliğat kampaniyasını yenidən gücləndirməsi də bu kontekstdə diqqət çəkir.