ABŞ-a məhəl qoyan olmadı, İran tankeri azad edildi

0
587

Tanker Cəbəllütariq limanını yerli vaxtla gecə yarısı tərk edib və Yunanıstana tərəf üzür

İranın “Grace 1” neft tankeri ABŞ-ın həbs tələbinə baxmayaraq Cəbəllütariq limanını tərk edib.

Cəbəllütariq tərəfindən azad edilən İran tankerinin adı da dəyişib. Gəmi artıq “Adrian Darya 1” adlandırılır.

Məlumata görə, tanker Cəbəllütariq limanını yerli vaxtla gecə yarısı tərk edib.

“TankerTrackers” həmçinin gəminin Yunanıstanın Kalamata limanına tərəf istiqamət götürdüyünü bildirib.

Cəbəllütariq Teleradio Korporasiyası (GBC) isə tankerin Cəbəllütariq limanını tərk etməsinin videogörüntülərini yayıb.

Təxminən 2,1 milyon barel neft daşıyan tanker iyulun əvvəllərində Böyük Britaniya tərəfindən Cəbəllütariq sahillərində saxlanılıb. Vaşinqton gəmi heyətini Dəməşqə qarşı tətbiq olunmuş sanksiyaları pozaraq Suriyaya neft daşımaqda günahlandırıb.

Keçən həftə ABŞ hökumətinin etirazlarına baxmayaraq, Cəbəllütariq rəhbərliyi gəmini buraxmaq qərarı çıxarıb. Cəbəllütariq həmçinin, gəminin Suriyaya üzməyəcəyinə dair təminat aldığını bildirib. Tehran isə belə bir təminat vermədiyini bəyan edib.