Problem olub və qalır: Dövlətin müdaxiləsi qaçılmazdır

0
573

Ekspert: “İstənilən halda kartel razılaşmaları nəticəsində gündəlik tələbat məhsulların qiymətini artırsalar, əhali məcbur olub o məhsulları alacaq”

“Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır.

Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”. Bunu Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov süni qiymət artımı problemi ilə bağlı deyib ki, əslində bu təhlükə mövcuddur: “Kartel razılaşmaları, inhisarçıların faktiki olaraq istehlak bazarındakı vəziyyətə diktə etməsi və qiymətin süni şəkildə artımına dair təhlükələr heç də əmək haqlarının artımı ilə də bağlı deyil. Bu təhlükələr, çağırışlar əvvəl də var idi. Bunun qarşısını almaq üçün istehlak bazarına dövlət tərəfindən ciddi şəkildə nəzarət və tənzimləyici və idarəetmə ilə bağlı addımlar atılmalıdır”.

O, bildirib ki, İqtisadiyyat Nazirliyinin bu sahədə müvafiq qurumları mövcuddur: “Eyni zamanda, istehlak bazarının idarə edilməsi və tənzimlənməsinə dair qurumun yaradılması haqqında müvafiq qərar var idi. Bu qurumlar faktiki olaraq tam şəkildə istehlak bazarına nəzarət edə bilərlər. Bu qurumlar süni qiymət artımının qarşısını almaq üçün addımlar ata bilərlər və atmalıdırlar”.

Ekspert deyib ki, inflyasiya ilə mübarizənin effektiv üsulları var: “Bunlardan biri istehsalın gücləndirilməsi və daha çox məhsulun istehsal olunması, xidmətlərin yaradılmasıdır. Digər üsul təbii inhisarların qiymətlərinə nəzarətdir. Çünki təbii inhisarçılar qiymətləri artırmasa, qiymət artımı məsələsi mürəkkəbləşir və inflyasiya ilə mübarizə effektiv olur. Digər amillər də var. Amma söhbət əgər kartel razılaşmaları nəticəsində süni qiymət artımından gedirsə, dövlət qurumları öz həlledici funksiyasını reallaşdırmalıdırlar. Həlledici funksiya da ondan ibarətdir ki, aktiv şəkildə istehlak bazarındakı proseslər dövlət tərəfindən idarə olunmalıdır”.

“Əgər bütün bu prosesi bazarın xaosuna, bazarın ümidinə buraxsaq, onda istehlak bazarında əmək haqları artsa da, artmasa da inhisarçılar öz məhsullarının qiymətlərini artıracaq. Bir çox hallarda söhbət gündəlik tələbat üçün zəruri olan məhsullardan gedir. İstənilən halda kartel razılaşmaları nəticəsində məhsulların qiymətini artırsalar, əhali məcbur olub o məhsulları alacaq” – deyə professor qeyd edib.

Onun sözlərinə görə, burada dövlətin müdaxiləsindən söhbət açılmalıdır: “Bu müdaxilə birbaşa ola bilər, yəni həmin qurumların, sahibkarların cəzalandırılması ilə bağlı məhkəmələrə qədər iddiaların qaldırılması. İkinci yol isə daha çox rəqabət mühitinin formalaşması ilə bağlıdır. Burada da artıq bütün komponentlər üzrə iqtisadi idarəetmənin uyğun şəkildə aparılmasından söhbət getməlidir. Yəni daha çox sahibkarın bazarda olmasına şərait yaradılmalıdır. Digər tərəfdən rəqabət mühitinin inkişaf etməsi üçün şərait yaradılmalıdır. Antiinhisar tədbirləri həyata keçirilməlidir”.

“Dövlətin bu istiqamətdə bütün mexanizmləri var və heç də təsadüfi deyil ki, dövlət başçısı bununla bağlı qurumlara tapşırıq verdi. Çünki iqtisadiyyatda nə qədər bazar prinsipləri olsa da, dövlətin tam şəkildə iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsi ilə bağlı mexanizm və imkanları mövcuddur. Burada əsas məsələ işlək mexanizmlərin olmasıdır” – deyə o, bildirib.