“Qaçqınkom”un sektor müdirləri cəzalandırıldı

0
465

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Komitədən verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə mühüm məsələlərin müzakirə olunduğu, qarşıya təxirəsalınmaz vəzifələrin qoyulduğu diqqətə çatdırılıb.

Xatırladılıb ki, bu ilin əvvəlində təsdiqlənən çox böyük sosial paket – mimimum əməkhaqqı, pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli dərəcədə artırılması dörd milyondan çox insanı, o cümlədən məcburi köçkünləri əhatə edib. Qeyd edilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın ən ağır vəziyyətdə olan, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir.

Kollegiyada bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib.

Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub. Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.

Kollegiyada dövlətimizin başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti və bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub, gündəlikdəki digər məsələlərə baxılıb.

Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.