İsrailin İrana hücumlarının ŞOK TƏFƏRRÜATLARI – Yeni cəbhə açılır?

0
166

“The New York Times” qəzetinin dərc etdiyi xəbərə görə, İsrail bu həftə İran daxilində gizli hücumlar həyata keçirib. Qəzet öz məlumatını Qərb rəsmilərinə və İran İnqilabı Keşikçiləri ilə əlaqəli hərbi mənbələrə əsaslanaraq yayıb. Hücumlar Fars və Çahar Mahal Bəxtiyari vilayətlərində iki böyük qaz kəməri boyunca bir neçə nöqtəni hədəf alıb, lakin İranın ən azı 5 müxtəlif vilayətində evlər, hökumət binaları və zavodlarda da elektrik enerjisi kəsilib.

Boru kəmərləri qazı cənubdan Tehran və İsfahan kimi böyük şəhərlərə nəql edir, biri isə Azərbaycanla sərhədə (Astaraya) qədər uzanır.

İran mediası xəbər verir ki, hücum zamanı baş verən partlayışlardan dəhşətə gələn sakinlər küçələrə axışıblar. Amma ölən və yaralananların olmadığı deyilir.

Enerji ekspertləri hesab edirlər ki, hər biri təxminən 1200 kilometr uzunluğunda olan boru kəmərlərinə edilən hücumlar İranın gündəlik təbii qaz hasilatının təxminən 15 faizinə təsir edib.

Daha əvvəl partlayışları “təxribat və terror hücumları” adlandıran İranın neft naziri Cavad Oci cümə günü yerli mətbuata açıqlamasında deyib ki, “təcavüzkar plan ölkəmizin bir çox böyük şəhər və rayonlarına qışda qaz nəqlini tamamilə kəsmək idi”.

Oci açıq şəkildə İsraili ittiham etməkdən çəkinib: “Biz İran İnqilabının ildönümündə (11 Fevral) belə təxribat aktlarının baş verəcəyini gözləyirdik və düşmənin əsas bölgələrdə qaz qıtlığı yaratmaq məqsədinə mane olmaq üçün tez bir zamanda qaz nəqli şəbəkəsində dəyişikliklər etdik”.

Milli Qaz Şirkətinin nümayəndəsi isə İran mətbuatına bildirib ki, təxribatın məqsədi ölkənin qaz nəqletmə imkanlarının təxminən 40%-ni əlindən almaq olub.

SEPAH zabitlərindən biri deyib ki, İran hökuməti əməliyyatın mürəkkəbliyi və miqyasına görə hücumun arxasında İsrailin olduğuna inanır. Onun sözlərinə görə, hara və necə hücum edəcəyini bilmək üçün İran daxilindəki agentlərin köməyi də lazım olub.

Baş enerji analitiki Homayoun Falakshahi, “New York Times”a açıqlmasında deyib ki, partlayışlar İranın həyati infrastrukturunun hücum və təxribatlara qarşı həssaslığını və yeni texnologiyaya milyardlarla dollar investisiya qoyulmadan böyük boru kəməri şəbəkələrini qorumağın çətin olduğunu üzə çıxarıb. “Boru kəmərləri eyni vaxtda bir neçə yerdə zədələndiyi üçün hücumlar İranın infrastrukturu haqqında yaxından bilik və diqqətli koordinasiya tələb edir”- deyə mənbələr bildirirlər.

Hücumlar, kiberhücumlar da daxil olmaqla, istər quruda, istər havada, istərsə də dənizdə illərdir İsrail və İran arasında davam edən gizli müharibədə nəzərəçarpacaq dəyişikliklərə işarə edir. İsrail uzun müddətdir ki, İran daxilindəki hərbi və nüvə obyektlərini hədəfə alır, həm ölkə daxilində, həm də xaricdə nüvə alim və ekspertlərinə sui-qəsdlər həyata keçirir, eləcə də Neft Nazirliyinin serverlərini və yanacaqdoldurma məntəqələrini sıradan çıxarmaq üçün kiberhücumlar həyata keçirir.

Qərb rəsmilərindən biri “The New York Times”a açıqlamasında deyib ki, hücumların İrana vurduğu zərəri təmir etmək kifayət qədər asandır, mülki şəxslərə isə nisbətən cüzi ziyan vurub, ona görə də hücumlar “böyük miqyasda simvolik zərbə” kimi qiymətləndirilə bilər.

Cümə axşamı Tehranın kənarındakı kimya zavodunda baş verən və ərazini silkələyən digər partlayışın arxasında da İsrailin dayandığı deyilir.

İsrailin Suriyada iki yüksək səviyyəli İran liderini öldürməsi və ABŞ-ın üç Amerika əsgərinin öldürülməsindən sonra İraq və Suriyadakı İnqilab Keşikçiləri və agentləri ilə əlaqəli hərbi bazaları bombalaması ilə bölgədə son aylarda hücumların və hərbi cavabların artdığını göstərir.

Boru kəmərlərinin pilotsuz uçuş aparatları, boru kəmərlərinə bərkidilmiş partlayıcı maddələr və ya digər vasitələrlə necə vurulduğu hələ də qeyri-müəyyən olaraq qalır. Təhlilçilər İranın enerji infrastrukturunun əvvəllər də hücuma məruz qaldığını, lakin bu hadisələrin miqyası baxımından daha kiçik olduğunu deyirlər.

Lakin bu aksiya Qəzza sektorunda davam edən gərginliyə paralel olaraq yeni qarşıdurma cəbhəsi açılmasına səbəb kimi görünür. Qərb rəsmiləri bu hücumları “Yaxın Şərqdə münaqişənin şiddətləndiyi və Tehranla onun düşmənləri, xüsusilə də İsrail və ABŞ arasında gərginliyin artdığı bir vaxtda İsrailin İrana vura biləcəyi zərərlə bağlı sərt xəbərdarlıq” adlandırıb.

Yada salaq ki, keçən dekabr ayında İran, Tehranın nüvə və raket proqramlarına edilən hücumlarda günahlandırdığı İsrailin kəşfiyyat xidməti “Mossad” ilə əlaqədə ittiham etdiyi beş nəfəri edam edib.

Ötən həftə isə “Mashreq” qəzeti media fəalı Seyid Hosseinpurun “X” (Tvitter) hesabına istinadən məlumat verirdi ki, “İranda Bakı rejimi ilə əlaqəsi olan böyük bir casus şəbəkəsinə son ağır zərbə ilə bölgədəki sionist rejiminin daha bir qolu kəsildi. Çünki bu nəhəng şəbəkənin yaradılması və idarə olunması İlham Əliyev hökumətinin nəzarəti altında deyil və onun arxasında mütləq “Mossad” dayanıb”.

“Tasnim” isə xəbəri İranda Azərbaycan Respublikasındakı bir mərkəz tərəfindən idarə olunan bir neçə casus və terrorçunun həbsi” adı ilə təqdim etmişdi.

“Həbs olunanlar casusluqla yanaşı, ölkədə təxribat əməliyyatları da keçirməyi planlaşdırırdılar və bu şəxslər hələ hər hansı aksiya başlamazdan əvvəl müəyyən edilərək həbs edilib” – “Tasnim” bildirirdi.