Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları LƏĞV EDİLDİ

0
85

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Nazirlər Kabineti tərəfindən fevralın 2-də Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin hazırlanması haqqında sərəncam imzalanıb.

Sərəncamda qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2024-cü il iyun ayının 20-dək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.

Nazirlər Kabinetinin 2 fevral 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyesterinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarları ləğv edilib.

Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

Bundan başqa, “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin fevralın 6-dakı Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” və “Jurnalist vəsiqəsinin forması”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetinin fevralın 15-də “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarında edilmiş dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılıb, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edilib.