YENİ İL ÇOX GÖZƏL OLACAQ

0
227

İl sonu hər birimizi zəmani düşüncələrə qərq edir.
Bir ilimiz də sona yetdi. Nələr etdik, nələr gördük? Bizi nələr gözləyir?
Bu il bir çox problemini həll edənlər yeni ili sevinclə qarşılayır, yeni ümidlərlə yaşayır. Problemləri həlsiz qalanlar isə hüzn içindədirlər, ümidləri kəsikdir.
Amma nə olur-olsun, arzular bitib-tükənmir, zaman arzulara təsəlli verir. Ümidlərini son günə belə dikənlər var.
Ürəyi geniş insanlar özü ilə birlikdə hamını düşünür, təsəlli, ümid verməyə çalışır.
Nə olur-olsun, yeni il sevinclərini əskik etmir. Yeni ümidlərin, yeni arzuların, yeni təsəllilərin zamanına çevrilir.
Etdiklərinin nəticəsindən təsəlli tapanlar da var, peşman olanlar da. Hər bir hissiyyat ürək çırpıntılarının axarındadır.
Bu çırpıntıların hər halı yaşam dünyamıza ümidlər səpələyir. Hansı halda olmağımızdan asılı olmayaraq, bu imtahan, sınaq dünyasından üzüağ çıxmalıyıq.
Bacarıqlarımızın son damlası da xeyir işlərə həsr olunmalıdır. Pislik yaşantılarına tərs üzümüzlə zərbə vuraq.
Həyat mübarizədir. Hələ ki, bu mübarizədə xeyir qalib gəlir. Şər qüvvələrin talanı dünyanı yaşadır.
Bu yeni ildə də belə olacaq. Dünyanın talanının nə vaxtsa baş verəcəyinə inanmayaq. Dünyamız dəyişə bilər, həyatımız dəyişə bilər, xoş ümidlər, arzular dəyişməsin.
Hər dövr yaşam dünyamıza yeni çalarlar bəxş edir. Buna uyğunlaşmaq yaşam qüvvəmizi artırır. Ümidsizliyə qapılmayaq. Həyatın axarına tab gətirməyə çalışaq.
Hər yeni il bizə bu axardan təcrid olunmağı deyil, bu axardan həzz almağı nəsib etsin.
İtirdiyimiz adamların haqqa qovuşduğunu düşünək. Onlar üçün pis olmayaq. Düzdür, həsrət yanğısı da az çəkmir. Amma həyatın axarında onlar da közərir.
Həyatın atəşindən qorxaq. Pislikləri məhv etməyə çalışan bu atəş yaxşılara da ulaşmasın.
Təəssüf ki, həyat qurbanlar tələb edir.
Bu dünyadakı həyat yaşamı enişli-yoxuşludur. Buna tab gətirmək yüksək iradə tələb edir. İradəsi olmayanlara da yardımımızı əskik etməməliyik.
Ruhumuzun qidası xoş münasibətdir.
Hər yeni il münasibətlərin qoruyucusu olsun.
Dostluqda, ailədə, əməkdaşlıqda olan xoş münasibətlər ehtiyacı olanlardan ayrı düşməsin. Xoş rəftar, xoş münasibət, xoş arzular, xoş niyyətlər ruhumuzu qidalandırmaqla yanaşı, yaşam çalarlarına xüsusi rövnəq qatır, dünyanın gözəlliklərini görməyə aydın düşüncə, çətinlikləri aşmağa sanballı güc verir.
Bu yeni ildə də hər biriniz ruhunuzun bu qidasından əskik olmayasınız.
“Hər pis işdə bir xeyir var” fikrini də unutmayaq. Dözümümüz, inamımız, səbrimiz, xoş əməllərimiz bizim əbədi dünyadakı yerimizi rahatlayacaq. Bunu unutmayaq. Gəlin nə olur-olsun, həyatdan həzz almağı bacaraq.
Yeni ildə hər bir başarı bizim qələbəmiz olsun. Daim üzümüz gülsün, qəlbimiz sevinsin, məramımız ətrafa işıq saçsın.

Sənubər