Dəyişməyən iki ənənə və qeyri-standart xərc: Yeni il süfrəsi neçəyə başa gələcək? – FOTO

0
262

Yeni il süfrəsinin bəzədilməsi illərdir davam edən ənənədir. Çoxları qarşıdan gələn ili rəngarəng, bayram əhvallı süfrə ilə qarşılamağa çalışırlar. Tək Yeni il deyil, digər əlamətdar günlərin də başqa bir dəyişməyən ənənəsi isə bazar və mağazalarda bayramqabağı ərzaq məhsullarının satışında süni bahalaşmadır.

2023-cü ilin son günü isə bayram süfrəsinə, belə görünür ki, əvvəlki ildən 11 faiz çox xərc çəkməli olacağıq. Bunu mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib:

“Çünki ərzaq məhsullarında ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizdən artıq bahalaşma var. Ailə büdcəsinə qənaət üçün vətəndaşlara bazar iqtisadiyyatının mümkün imkanlarından səmərəli istifadə etmələri tövsiyə olunur.

Planlı şəkildə ticarət müəssisələrinin təklif etdiyi qiymət endirimləri imkanlarından yararlana bilərlər. Bu yolla onlar xərclərinin artan qisminə qənaət edə bilərlər”.

Ekspert qeyd edib ki, ailənin bayram süfrəsinə çəkəcəyi xərc standart deyil:

“Bununla bağlı qiymətləndirmə aparmaq çox çətindir. Hər bir ailənin böyük-kiçikliyindən, bayrama münasibətindən, imkanından, xüsusilə də alıcılıq gücündən asılı olaraq, bayram xərclərinin məbləği kifayət qədər fərqlidir. Hətta burada deyərdim ki, onlarla fərqli indikatorla rastlaşmaq olar. Bizim bunu ölçmək imkanlarımız da yoxdur”.

“Düzdür, ötən illə müqayisədə bir az çox xərc çəkəcəklər. Amma qeyd etdiyim kimi, mövcud endirim imkanlarından, fürsətlərdən yararlanaraq planlı şəkildə inflyasiya təzyiqini qismən də olsa, neytrallaşdırmaq olar. Hətta ola bilsin ki, tam neytrallaşdırmaq mümkün olsun”, – deyə R.Həsənov qeyd edib.

Dörd nəfərlik ailənin bayram süfrəsi minimum 150-200, maksimum 300-350 (və daha çox) manat civarında olacaq.

Məbləği açsaq: Yeni il süfrəsinin əvəzolunmaz paytaxt salatı 20 manata, yarpaq dolması 30 manata, aş-qaralı plov 50 manata, toyuqla ləvəngi 20 manata başa gələcək. Üç qazlı içki doqquz manata, üç meyvə şirəsi – 14, bir şüşə alkoqollu içki təxminən 15 manatadır.