Davamlı ağrıkəsici istifadə edənlərin diqqətinə

0
199

Ağrı bədəndəki problemi xəbər verən siqnalizasiya sistemidir və orqanizmə faydalıdır. Əgər biz ağrıkəsici ilə onu keyitsək, narahatlığa səbəb olan əsas xəstəlik getdikcə inkişaf edir. Nəticədə xroniki fazaya keçən xəstəliyin müayinəsi çətinləşir.

Bu sözləri nevroloq Qalib Əsədov söyləyib.

O bildirib ki, ağrıkəsicilərin nəzarətsiz istifadəsi ölümə qədər gətirib çıxara bilər:

“Qan təzyiqi yüksək birinin ağrını kəsmək məqsədilə istifadə etdiyi preparat müvəqqəti rahatlıq yaratsa da, beyinə qan sızması (hematoma) verə bilər. Hətta bəzi insanlarda bu preparatlara qarşı allergik reaksiya olur. Anafilaktik şok – (ildırım sürətiylə allergik reaksiya) deyilən prosses baş verdikdə, insan nəfəs yolu spazmı səbəbi ilə boğula, yaxud təzyiqin kəskin düşməsi nəticəsində həyatını itirə bilər”.

Ağrıkəsicilərin asılılıq yaratmaq xüsusiyyətinə toxunan həkim vurğulayıb ki, reseptsiz satılan və tərkibində narkotik maddə olmayan dərmanlar heç bir asılılıq yarada bilməz:

“Buna baxmayaraq mədəsində xora, qastrit olan, böyrək, yaxud qaraciyər problemi yaşayan insanlar bu dərmanları həkim nəzarətində istifadə etməlidir. Həddən çox dərman istifadəsi digər orqanları sıradan çıxara bilər. Buna görə uşaqların, yeniyetmələrin və orta yaşlı insanların da diqqətli olması tövsiyə olunur”.