Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və Agentlik həmin tədbirdə iştirak etməyib.
“Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxlanılıb (fotolar əlavə olunur). Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Vasilevska, redaktoru M.Yavuz olduğu aydın görünür (foto əlavə olunur). Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi tövsiyə edirik.
Bildirilir ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd ediblər. Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbirdə iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müraciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adı çəkilən digər professor Marcori Kaslın isə Agentliyə müraciəti daxil olmayıb.
Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, Agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib.
Bir daha bildiririk ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-relizi əsasında dərc edib və Agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etməyib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edirik və bunu Agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyərləndiririk.