Dünyadakı münaqişələr qızılın “bəxtini açıb”: Bəs sarı metal Azərbaycanda neçəyə olacaq?

0
281

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,29% artaraq, 1 888,5 ABŞ dollarına bərabər olub. Son zamanlar dünya bazarında qızılın qiyməti maksimum həddə çatıb. Bəs dünyadakı bahalaşma və tələbatın artması fonunda Azərbaycan bazarında qızılın qiyməti hansı istiqamətə dəyişəcək?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev açıqlamasında bildirib ki,ölkəmizdə həm 750, həm də 585 əyarlıq qızıla tələbat var:

“Son 3-4 il ərzində 585 əyarlıq qızıla tələbat daha çoxdur. Çünki 1 qram 999 əyarlıq qızılın qiyməti 2020-ci ilə qədər 38-42 dollar civarında idi. Pandemiya dönəmindən başlayaraq bu günə kimi həmin qızılın qiyməti 62-65 dollara qədər qalxıb. Bu da zərgərlik məmulatlarının son qiymətinə də təsir edir. Buna əsasən 585 əyarlıq qızıl daha sərfəli və ucuzdur. Ona görə də bazarda bu qızıla tələbat çoxdur. Bu əyardan olan qızıllar əsasən Türkiyə və Rusiya istehsalı olur, amma İtalyada da bu qızılın istehsalına rast gəlmək olar. Buna baxmayaraq, İtalyada əsasən 750 əyarlıq qızıl istehsal olunur”.

Son zamanların ən aşağı səviyyəsinə çatan qızıl qiymətləri Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin başlaması ilə yüksəlib.

T. Abbasquliyev əlavə edib ki, bu gün Azərbaycanda zərgərlik bazarı inkişaf dinamikasını qoruyub, saxlayır:

“Proqnozmuza görə, bu il bazarın dövriyyəsi 200 milyon manatı keçməlidir. Ötən il bu göstərici 153 milyon manat idi. Habelə, 2022-ci ildə ixrac səbətində 19 milyon manatdan artıq dəyəri olan hazır zərgərlik məmulatları yer almışdı. Proqnazlaşdırırıq ki, bu il də rəqəmləri belə qoruyub, saxlayacağıq. Ümumillikdə, yerli zərgərlik sənayemiz ciddi paya malikdir. Apardığımız araşdırmalara əsasən bazarda nümayiş etdirilən zərgərlik məmulatlarının 60 faizi Azərbaycan sənayesinə aiddir”.

ABŞ-ın Mərkəzi Bankı FED 2024-cü ilin ilk 6 ayı üçün qızıl qiymətlərinin rekord həddə çatacağını proqnozlaşdırıb.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan qızıla olan tələbin 90 faizindən çoxunu idxal hesabına ödəyir:

“Bu baxımdan, təbii ki, dünya bazarında qiymətlərin artması həm də Azərbaycana idxal edilən qızılın xərcinə, eləcə də qiymətinə təsir göstərir. Mütəmadi olaraq dünya bazarında qiymətlərin artması və ya dəyişməsi fonunda Azərbaycanın istehlak bazarında qızılın qiymətinin dəyişməsini müşahidə edirik. Sözsüz, yerli istehsalla bağlı güzəştlər tətbiq olunur, amma gömrük rüsumlarında hər hansı bir dəyişiklik yoxdur. İndi daha çox qiyməti formalaşdıran əsas faktor dünya bazarında qiymətin necə dəyişməsidir. Ona görə də biz dünya bazarında qiymət artdıqca, Azərbaycanda da qızılın qiymətinin artmasını müşahidə edirik”.