Heydər Əliyev Kazimirovu niyə danlamışdı? – Qarabağda erməni planını məhv edən hadisə

0
165

Ulu öndər Heydər Əliyevin əsas hədəfi işğal altındakı torpaqlarımızın azad edilməsi idi və o, ölkəyə rəhbərliyi dövründə bu hədəfinə nail olmaq istiqamətində əzmlə çalışdı. Ömrü torpaqlarımızın azad edilməsini görməyə vəfa etməsə də, qazanılan qələbə Prezident İlham Əliyevin məhz Heydər Əliyev strategiyası üzərindən həyata keçirdiyi siyasətin nəticəsidir. Heydər Əliyevin Qarabağ məsələsi ilə bağlı ən böyük addımlarından biri separatçıların “münaqişədə tərəf” olmasının qarşısını alması idi.

Heydər Əliyevin buna cəhd edən rusiyalı həmsədr Vladimir Kazimirovun üstünə qışqırması ilə bağlı hadisə kifayət qədər məşhurdur.

1994-cü ildə Bişkekdə Qarabağda atəşkəsin əldə olunması ilə bağlı qızğın müzakirələr aparılırdı. Atəşkəs sənədi hazır olsa da, Azərbaycan tərəfindən nümayəndə kimi iştirak edən Afiyəddin Cəlilov onu imzalamaqdan imtina etdi. Buna səbəb Qarabağdakı separatçıların da sənədə “tərəf” kimi daxil edilməsi idi.

Afiyəddin Cəlilov Bakıya – Heydər Əliyevə zəng edərək, məsələni izah edir. Heydər Əliyev ona sənədə imza atmadan dərhal geri qayıtmağı tapşırır. Cəbhədə atəşkəs əldə olunsa da, bunun hüquqi qüvvəyə minməsi prosesi dayanmışdı. A.Cəlilovun arxasınca həmin vaxt Rusiyanın Minsk qrupundakı həmsədri Vladimir Kazimirov da Bakıya uçur. Kazimirovun məqsədi Azərbaycanı özü ilə Bakıya gətirdiyi Bişkek protokoluna imza atmağa razı salmaq idi.

Həmin dövrdə dövlət müşaviri olan Qabil Hüseynli danışır ki, Heydər Əliyev Bakıda Kazimirovun üstünə qışqıraraq, “bu nə oyundur oynayırsınız” dedi: “Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan arasında imzalanır, “Qarabağ respublikası” deyilən bir şey yoxdur. Sənəddə “Dağlıq Qarabağın” Azərbaycan və erməni icmasının adı ola bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda o, deyilənlərlə razılaşdı və “baş üstə” deyə bildirdi. Azərbaycan tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı. Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı alındı”.

Əgər ermənilər buna nail olsaydılar Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda separatçılar “tərəf” kimi iştirak edəcək, nəticədə onlara “öz müqəddəratını təyin etmə” hüququ veriləcəkdi. Heydər Əliyev bunun qarşısını ilk gündə aldı. Və onun strategiyası üzərindən hərəkət edən Prezident İlham Əliyev tarixi Zəfərlə torpaqlarımızı azad etdi, Qarabağda erməni separatizmini məhv etdi və Bişkek protokolunun imzalandığı günlərdə “Bakıya tanklarla gəlməyə hazırlaşan” separatçıları qolu qandallı şəkildə Bakıya gətirdi.