Ermənistanın anladığı reallıq: Qərb xeyir vermək əvəzinə…

0
131

“Bu, çox ümidverici başlanğıcdır, çünki həmişə belə bir addımların ilki böyük başlanğıclara yol açır. Əgər bu baş veribsə, deməli, buna qədər artıq razılıq əldə olunub. Birinci şəxslər prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz razılığını verib və təmaslar başlanılıb”.

Bu fikirləri politoloq Tofiq Abbasov Azərbaycan və Ermənistan arasında humanizm prinsiplərinə əsaslanan əsirlərin mübadiləsi haqqında əldə oluna razılığı şərh edərkən deyib.

Tofiq Abbasov deyib ki, burada əsas məsələ odur ki, danışıqlar prosesində üçüncü tərəflər yoxdur, yəni vasitəçilərə heç bir lüzum yoxdur. Digər tərəfdən də, birgə bəyanatın qəbul olunması ondan xəbər verir ki, yeni etimad mühitinin formalaşmasına başlanılıb.

“Bu zəmində beynəlxalq təşkilatların xətti ilə keçirilən proseslərdə tərəflərin bir birinə dəstək verməsi özünü büruzə verir. Mən deyərdim ki, bu, çox müsbət bir göstəricidir. Çünki beynəlxalq platformalarda da bizim nümayəndələr bəzi hallarda bir-birini inkar edirdilər, bir-biriləri ilə təmaslardan qaçırdılar və sonra həm də çalışırdılar bir-birlərinin səylərini bloklasınlar. Ancaq indi biz görürük ki, əksinə, Ermənistan tərəfi beynəlxalq qüvvələrə çağırışlar edir ki, Azərbaycanı dəstəkləsinlər, COP 29 formatında bizim ev sahibliyimizə üstünlük verilsin və nəhayət, Azərbaycan tərəfi də qarşılıqlı tərzdə Ermənistanı dəstəkləyir”.

Politoloqun sözlərinə görə bu, bir qədər gecikmiş addımdır. Çünki hələ müharibəyə qədər prezident İlham Əliyevin bir çağırışı var idi ki, gəlin bütün əsirləri hamının hamıya prinsipi üzərində dəyişək, mübadiləyə başlayaq:

“Ermənistan özünü çox yekəxana bir tərzdə apardı və bu prosesdən qaçdı. Müharibədən sonra yenə də Azərbaycan prezidenti təklif etdi ki, gəlin ikili formatda üz-üzə oturaq. Onlar istəmədilər: dördlü formatda oturaq Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə olaraq, onlar yenə də qaçdılar. Və nəhayət, biz görürük ki, Ermənistan deyəsən, artıq anlayır ki, ona havadarlıq edən Qərb qüvvələri xeyir vermək əvəzinə, problemlər yaradırlar. Və bu, əlbəttə ki, kənardan çox aydın sezilir. Çünki məkrsiz, qərəzsiz vasitəçilər çox nadir hallarda olur”.

Tofiq Abbasov deyib ki, Azərbaycan həmişə Ermənistana çox yüksək səviyyəli əməkdaşlıq təklif edib:

“Bu, bizim zəifliyimizdən yox, gücümüzdən, özümüzə arxayın olmağımızdan irəli gələn təkliflər idi.

Odur ki, indiki mərhələdə baş verən bu hadisəni çox yüksək dəyərləndirmək lazımdır. Ermənistan tərəfi imkan verməməlidir ki, hər hansı kənar qüvvələr və təsirlər bu məsələlərə müdaxilə etsinlər. Necə ki, əvvəllər də biz bu kimi halların şahidi olmuşuq. Ermənistan özü gərək bunun marağında olsun. Biz özümüzə arxayınıq, Ermənistan da gərək məqsədyönlü şəkildə öz hədəflərindən yayınmasın”.