Son zamanlar Hindistanın Ermənistanla ikitərəfli münasibətlərinin istiləşməsinin şahidi oluruq. Müxtəlif sahələrə dair müqavilələr imzalanır, qarşılıqlı səfərlər reallaşdırılır. Dehlinin hay ölkəsinə artan marağının arxasında bir sıra iqtisadi və geosiyasi maraqların dayandığı şəksizdir.
Regionla quru sərhədi olmayan Hindistanın Paşinyan hökumətinə “sevgisi”nin pərdəarxasında Pakistanla olan rəqabətlə yanaşı, bəzi geosiyasi planlarını erməni hökuməti vasitəsilə həyata keçirmək niyyəti də durur. İki ölkə arasındakı münasibətlərdə artan dinamika Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Xüsusilə də İrəvanın silahlandırılması cəhdləri…
Silah satışının pərdəarxası
2020-ci ildə Ermənistan Hindistandan dörd “Svati” mobil radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ raketlərin alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bu yaxınlarda Hindistan İrəvana 150 min ədəd qumbara satışı həyata keçirib. Hindistanın “Bharat Forge” şirkəti “MARK 155” təkərli haubitsaların Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.
Təbii ki, Azərbaycanın Pakistanla hərbi sahədə əməkdaşlığı hind hökumətinin nəzərindən yayınmayıb. İslamabadla ciddi rəqabət aparan Dehli bu səbəbdən Ermənistanı seçib. Eyni zamanda, Hindistanın İrəvana tədarük etdiyi silahların sayına qədər KİV-lərdə yayılması bu müqavilələrin ucuz təbliğat aksiyası olmasından xəbər verir. Silah satışı ölkələr arasında strateji müqavilə sayılır, detalların mətbuata sızması çox nadir hallarda müşahidə edilir. Dehli isə Ermənistana satdığı silahları sayına və modifikasiyasına qədər detallı şəkildə mətbuat vasitəsilə yaymaqla regiondakı silah alverçilərindən birinə çevrilmək niyyətini güdür.
Rəsmi Dehlinin Pakistan amilinə görə Azərbaycanı yox, Ermənistanı dəstəkləməsi 44 günlük müharibə və sonrakı dövrdə ermənilərin tərəfini tutan bəyanatlarda da əksini tapıb. Bu cür bəyanatlar kifayət qədər çoxdur.
Ermənistana “sevgi” tək silah alveri ilə məhdudlaşmır
Hindistanın Ermənistan “sevgisi” tək silah alveri ilə məhdudlaşmır. Dehlinin burada iqtisadi maraqları da var. Hindistan hökuməti Ermənistanı ölkəsini İran vasitəsilə Avropa ilə birləşdirən dəhlizə çevirmək istəyir. Rəsmi Dehli transkontinental dəmir yollarının tikintisi ilə Cənub-Şimal dəhlizini reallaşdırmaq məqsədi güdür. Pakistan Hindistanın Avropa və Mərkəzi Asiyaya çıxan quru yollarını bağladığı üçün hind hökuməti bu layihə vasitəsilə yeni quru yolları əldə etmək həvəsindədir. Bundan əlavə, Cənub-Şimal dəhlizi İranı Çinin orbitindən çıxarmağa və Pekinin regiondakı infrastruktur layihələrini mühasirəyə almağa hesablanıb. Çünki Çin Asiya regionunda hind hökumətinin ciddi iqtisadi rəqibi sayılır.
Hindistanın mövqeyində dəyişikliklər müşahidə olunur
Son günlər isə Hindistanın geosiyasi mövqeyində dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin səbəbi Ermənistanın həm hərbi, həm də diplomatik sahədə Azərbaycan tərəfindən məğlub edilməsidir. Eyni zamanda, rəsmi İrəvanın Rusiya ilə münasibətləri tam gərginləşdirərək Qərbin qucağına sığınması da Hindistanın çox istədiyi dəhliz layihəsinin baş tutmayacağı mənasına gəlir. Narendra Modi hökuməti Qafqazda əsas iqtisadi tərəfdaş kimi Ermənistana güvənməyin riskli olduğunu artıq dərk edir. Bu ölkəyə İranın şimali-qərbindən Cənubi Qafqaz vasitəsilə Rusiyaya və ya Qara dənizə keçmək üçün dəmir yolu lazımdır. Məlum vəziyyətdə Hindistanın iki seçimi var: Ermənistanın cənubundakı Zəngəzur vilayəti, digəri isə Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə.
Azərbaycan ən optimal variantdır
Regionda yaranan yeni geosiyasi reallıq isə sübut edir ki, Hindistanın Avropaya quru yolla daxil olması üçün Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr, xüsusən də Zəngəzur dəhlizi ideal variantdır. Artıq rəsmi Dehli də anlayır ki, Qafqaz regionu ilə bağlı nəzərdə tutulan istənilən layihənin reallaşması Bakının icazəsi və iştirakı olmadan qeyri-mümkündür. Onsuz da İran-Hindistan-Ermənistan arasında nəzərdə tutulan layihəyə sözügedən tərəflərdən heç biri maliyyə ayırmaq istəmir. Hind hökumətinin Paşinyan vasitəsilə həyata keçirmək istədiyi dəhliz layihəsi suya düşmək üzrədir. Bu səbəbdən hind rəsmiləri başqa variantlar üzərində düşünürlər və bu variantlar sırasında Azərbaycan ən uyğun variant kimi görünür.
Dehlinin alternativi yoxdur
Ermənistan hökuməti isə son dövrlər ortaya atılan “Sülhün kəsişməsi” layihəsinə aid xəritəni qoltuğuna vuraraq Qərbin siyasi kulislərini gəzir. Hiyləgər Qərb siyasətçiləri saxta təbəssümlə “yes, yes” desələr də, Paşinyanın layihəsinə hələlik müsbət cavab verən olmayıb. Ermənistanın məğlubiyyəti fonunda rəsmi Dehli regionda artıq dəyişmiş geosiyasi reallıqlara uyğun xarici siyasətini yenidən formalaşdırmış kimi görünür. Şübhəsiz ki, onlar infrastruktur əlaqələri üçün siyasətlərini yenidən nəzərdən keçirməli olacaqlar. Qafqazda dəyişən reallığa uyğunlaşmaq isə Narendra Modi hökumətinə faydadan başqa heç nə gətirməz. Çox güman ki, yaxın vaxtlarda Hindistanın bəzi ambisiyalarından vaz keçərək Azərbaycana yaxınlaşacağının şahidi olacağıq. (“Kaspi” qəzeti)