ARZULAR HƏR ZAMAN XOŞ DEYIL

0
572

Milyonlarla insanın yaşadığı Kainatda arzular həmişə yerinə yetsəydi, dünya cənnətə dönərmiydi?
Əlbəttə ki, yox, arzular insanları dəyişdirmir. Müxtəlif xislətli insanlar var və müxtəlif xarakterli arzular. Pis arzuları biz qarğış adlandırırıq. Təəssüf ki, addımbaşı bir qarğışlarla qarşılaşırıq.
Minlərlə insanın dilində yer almış qarğışlar yazılı ədəbiyyatda da özünə məskən salıb.
Şəhid analarının belə qarğış elədiyi videolar yayılır. Öz övladına qarğış edənlər belə var. Qarğışlar hər zaman yerinə yetirmi? Təəssüf ki, çox zaman yetir. Yetməsə belə, eşidilən pis niyyətli sözlər, kafir arzular mənəviyyatımızı alt-üst edir.
Yaxşı insanlardan belə qarğış eşitdikdə kimi necə qiymətləndirəcəyini bilmirsən. Doğrudanmı, Kainatın mənfiliyi qarğışlar üzərində qurulub. Dünyanı pis niyyətli insanlarmı idarə edir?
Mafiozlar haqqında eşitdiklərimiz doğrudurmu?
Suallar bizi dərin quyuya sürükləyir.
Gözəl arzularımız və mübarizə əzmimiz isə bizi aydınlığa çıxarır. Qaranlıq sipəri aşmasaydıq dünya çoxdan cəhənnəmə dönərdi. Demək ki, xoş niyyətlilər qarğış edənlərdən çoxdur.
Xoş niyyətlərimizə pislik arzu edənlərin yoxluğu da qatılsın. Onların məhv olmasını deyil, düzgün, xoş yola dönmələrini arzulayaq. Dünyanın cənnətə dönməsini arzulayaq. Buna inamımızı itirməyək!
Dünyada pisliyin daha çox olduğunu düşünənlər də var. Onlar minlərlə kasıbı evsiz-eşiksiz olanları, şikəst olanları, qəddar müharibələri misal gətirirlər.
Amma onu bilməliyik ki, pisliklər xoş arzularımıza mane olmur. Məhv olmasını arzu etdiyimiz pisliklər də var. Bunu inkar etmək mümkün deyil.
Amma onu da arzu edək ki, bu xoş xislətimizi dəyişdirməsin.
Güclü küləyin, fırtınaların fəsadlarındüşünək. Bu Allahınmı arzusudur? Xeyir. Bu təbiətin insanlara qarşı mübarizəsidir. Pis örnəyin nələrə gətirib çıxardığını yada salmaqdır. Həyatımız fırtınalarla keçmir, Günəş işığında xoşlandığımız günlər də var. Bizə bəxş edilən gözəl günlərin, həyata keçən arzularımızın da qədrini bilək. Daha başqalarını düşünməklə yerinə yetənlərə şükür edək, onları qorumağa çalışaq.
Azadlığımızı qoruduğumuz kimi, övladlarımızı qoruduğumuz kimi, ağlımızı qoruduğumuz kimi, xoş niyyətlərimizi qoruduğumuz kimi…
Malik olduğumuz hər nə varsa, yerinə yetən arzularımızdır. Onların qədrini bilək.

Sənubər