YENİ QLOBAL TƏHLÜKƏ: ÜST tənhalıqla bağlı həyəcan təbili çaldı

0
423

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığın bütün aspektlərini nəzərdən keçirmək üçün beynəlxalq komissiya yaratmağa qərar verib.

Təşkilatdan verilən açıqlamada tənhalığın qlobal problemə çevrildiyi, sağlamlığa gündə 15 siqaretin qəbulu ilə müqayisə oluna biləcək ciddi təsirlər olduğu vurğulanıb.

Səhiyyə qurumu, insanların sosial aktivliyinin azaldığı koronavirus pandemiyası zamanı tənhalıq probleminin daha da pisləşdiyini açıqlayıb.

Bəyanatda deyilir: “Tənhalıq qlobal ictimai sağlamlıq probleminə çevrilir, yaşından və yerindən asılı olmayaraq, rifah və inkişafın bütün sahələrinə təsir göstərir”.

ÜST ekspertləri vurğulayırlar ki, tənhalıqla bağlı sağlamlıq riskləri hətta piylənmədən və ya oturaq həyat tərzindən yaranan risklərdən də çoxdur.

Təşkilat hesab edir ki, dünyada hər dörd yaşlı insandan biri sosial izolyasiyaya məruz qalır ki, bu da demensiyanın inkişaf riskini 50% artırır, həmçinin koronar arteriya xəstəliyi və ya insult ehtimalını 30% artırır.

ÜST-nin araşdırmasına görə, dünyada yeniyetmələrin 15%-ə qədəri tənhalıq yaşayır.