İran Paşinyanı devirmək üçün hərəkətə keçdi: Köçəryanın adamlarına Tehranda hansı təlimat verilir?

0
681

İran KİV-ləri məlumat verir ki, Ermənistan parlamentinin iki deputatı – Ermənistanın ikinci prezidenti Robert Köçəryanın başçılıq etdiyi Ermənistan fraksiyasının üzvü, Serj Sarkisyan hökumətində keçmiş iqtisadiyyat naziri və Nikol Paşinyanın birinci hökumətində kənd təsərrüfatı naziri olmuş Artur Xaçaturyan, habelə fraksiyanın digər üzvü, xanım Aqnes Hamoyan danışıqlar üçün İrana gedib.

İranın “Etemad” nəşri xatırladır ki, Paşinyan hakimiyyətə gələndə danışıqların sıfır nöqtəsindən başlayacağı və yekun nəticənin Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ “xalqları” tərəfindən qəbul edilməli olduğunu demişdi. Bu yönəldirici sualın cavabında Aqnes Hamoyan bildirir ki, Paşinyanın dağıdıcı siyasətindən sonra nəticə yalnız Azərbaycan xalqı tərəfindən qəbul edilib. “Bu gün biz nəinki “artsax”ı itirmişik, həm də Azərbaycan qüvvələri Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin bir hissəsini də işğal edib”.

A.Xaçaturyan isə deyir ki, Rusiya-Ukrayna münaqişəsi, Ermənistan-Azərbaycan böhranı və hətta Yaxın Şərqlə bağlı hadisələrin kökünü dünya gücləri arasındakı ixtilaflarda görmək lazımdır. O deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixi “Sünik (Zəngəzur), Tavuş əyalətləri, Sevan gölünün şərqinə və əlbəttə ki, “Artsax”a iddia edib, amma Ermənistan bu iddiaları tanımayıb, odur ki, Dağlıq Qarabağa iddiaları legitimdir.

Avropa müşahidə missiyasının heç bir effektə nail olmadığını deyən Xaçaturyan Ermənistanın öz təbii müttəfiqlərinə-İran və Rusiyaya üz tutmalı olduğunu deyib. O, İranın sülh danışıqları üçün daha yaxşı vasitəçi ola biləcəyi haqda qənaətlərini də bölüşür: “Türkiyənin panturanist siyasəti Ermənistan və İranı narahat etməli olsa da, Ermənistan bu fürsətdən istifadə etməyib və çox riskli oyun oynayır. Amma “Paşinyan hökuməti niyə İranın imkanlarından istifadə etmir” sualının cavabı mənə çox aydın deyil və Ermənistanın milli maraqlarına ziddir”.

Xaçaturyan növbəti təhrikedici suala cavabında bildirir ki, mövcud vəziyyəti dəyişmək üçün ilk addım Ermənistanda hakimiyyəti dəyişməkdir, çünki bu, ən azı mövcud vəziyyəti dəyişməyə şans verə bilər. “Erməni xalqının psixi durumunu anlayan Paşinyan onlara iki variant təqdim etdi: Müharibə və ya sülh yolu. Amma sübut olunur ki, Bakı ermənilərin hər bir geri çəkilməsindən və güzəştlərindən sonra yeni tələblər irəli sürür”,

Bu ilin iyulunda da İranın “Sahrgdaily” qəzeti Ermənistan parlamentinin digər iki üzvünün müsahibəsini dərc etmişdi. İstər “Etemad”, istərsə “Shargdailly” İranda islahatçılar deyilən qanada yaxındır. Hər iki nəşrin 5 ay fərqlə müxtəlif deputatlardan etdiyi müsahibənin məzmunu və məqsədi də, yönəldici suallar da eynidir. “Shargdailly” sual edirdi ki, Nikol Paşinyan, xüsusilə II Qarabağ müharibəsindəki hərəkətlərinə görə tənqidlərin artmasını nəzərə alsaq, 2021-ci il seçkilərində niyə yenidən baş nazir olaraq qaldı? Ermənistan müxalifət hərəkatının Paşinyanı aradan götürmək üçün lazımi siyasi gücü yoxdurmu?

“Ermənistan” fraksiyasının deputatı, Daşnaksütun Partiyasının üzvü, türkoloq Geqam Manukyan bildirirdi ki, savaşdan sonra Paşinyan və partiyası şokdan özünə gələ bilməmiş, nə baş verdiyini anlamayan xalqla üz -üzə qalıb. Şuşa və Hadrutu qaytarmaq vədi versə də, əməl etməyib, siyasətini 180 dərəcə dəyişib. Təəssüf ki, erməni müxalifəti də resurslar kafi olmadığından bu hökuməti devirə bilməyib; amma bu, müxalifətin əsas məqsədi olaraq qalır.

“Şərəfim var” Partiyasından deputat Anna Mkrtçyan isə deyirdi ki, Paşinyanın yenidən seçilməsinə səbəb iki əsas amil olub; qorxu və hiylə. Paşinyan millətçi hökumətin hakimiyyətə gələcəyi təqdirdə yeni müharibə təhlükəsi ilə xalqı qorxutdu. İkinci amil hiylə idi. Paşinyanın təqdim etdiyi proqram emosional proqram idi və o, “Artsax”ın “işğal” olunmuş rayonlarını, o cümlədən Hadrut və Şuşanı geri alacağını vəd edirdi”. O iddia edir ki, Paşinyan kütləvi həbslərlə də erməni cəmiyyətində qorxu mühiti yaradıb. “Çox açıq deməliyik ki, bəli, təəssüf ki, bu gün müxalifətin Paşinyanı aradan götürməyə gücü çatmır”.

“Shargdaily”ni “Gallup”-ın son sorğularına görə, Ermənistanda İrana etimadın azalması da narahat edir. Mkrtçyan bu narahatlığı bölüşmür, hələ etimadın yüksək olduğunu deyir. Sorğunun məqsədinin İran olmadığı, ümumən erməni ictimai rəyini öyrənmək olduğunu vurğulayır.

Müsahibə boyu erməni müxalifətini Paşinyana qarşı təhrik etmək, birləşdirmək çağırışları davam edir. İran mediası açıq şəkildə Ermənistan daxili siyasətini müdaxilə etmək, özünə xas şəkildə dizayn etməyə çalışır. “Shargdaily” iddia edir ki, Paşinyanın zəifliyi və Rusiyanın əsas diqqəti Ukrayna yönəltməsi ABŞ-a imkan verib ki, Dağlıq Qarabağ münaqişəsinə daha çox müdaxilə etsin. Ağ evin məqsədi Rusiyanı mühasirəyə almaq, Qafqazda Tehran və Moskvanın iştirakı olmadan geosiyasi münasibətlər sistemi qurmaqdır.

İran mediası min illərə dayanan fars-erməni dostluğu haqda ballada təbliğatı apardığı, erməni müxalifətini “türkpərəst Paşinyana” qarşı səfərbər etdiyi vaxt Qərbin bir çox nəşrləri Qarabağın xristian erməni sakinlərinin qaçqın düşməsi haqda miflər tirajlamaqdadır.

“Philos Project” xristian hüquq müdafiə təşkilatının sədri Robert Nikolson bildirib ki, “indiki mərhələdə Azərbaycanın Ermənistanın cənubuna təcavüzü mümkündür”. Nikolsonun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “çox açıq” deyiblər. “Türk-İslam beynəlxalq üstünlüyünü bərpa etmək” planının bir hissəsi kimi “Cənubi Ermənistanı tutmaq istəyirlər”. Nikolson izah edib ki, Ermənistanın cənubundakı Sünik bölgəsi “İstanbuldan Orta Asiyaya qədər uzanan vahid türk federasiyası pantürkist xəyalının qarşısında duran yeganə torpaq parçasıdır”. “Əliyev əlavə əraziləri ələ keçirmək istəyini açıq şəkildə müzakirə edib”, – Nikolson bildirib. “O, bu yaxınlarda hökumət rəsmilərinə Ermənistandakı şəhərlərə Azərbaycan adlarının verilməsinə başlamağı tapşırıb və bu yaxınlarda Türkiyə ilə birgə konfrans keçirərək, Azərbaycanın tarixi iddialarının olması ilə bağlı revizionist ideyanı təbliğ edib.

Həm xristian radikallarının, həm İranın “məzlum erməniləri” eyni dərəcədə müdafiə etmək çağırışları, antitürk və azərbaycanofob mövqedən çıxış etməsinin sirri isə yalnız “İmamın kölgəsinə” əyandır. Digərləri belə sirləri anlamaz.

Cəmaləddin Quliyev, siyasi ekspert